AZ

Elvin Məmmədov: “9 oyunun hamısı finala bərabər olacaq”

“Səbail”in baş məşqçisi vəzifəsi həvalə olunmuş Elvin Məmmədov paytaxt klubunun sosial media ünvanlarına açıqlama verib.

Arena.az xəbər verir ki, 36 yaşlı mütəxəssis təyinatla bağlı bunları söyləyib:

“Göstərilən etimada görə təşəkkür edirəm. Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm. Amma inamım böyükdür, bu komanda ilə, mübariz kollektivimiz və futbolçularımızla çox şeyi bacaracağımıza inanıram. Reallıq budur ki, bəli, sonuncu pillədəyik, xal fərqimiz də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik. Qarşıdakı 9 oyunun hamısı bizim üçün finala bərabər olacaq. Ümidliyik, bacaracağımıza inanırıq. Zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq”.

Xatırladaq ki, “Səbail”in baş məşqçisi Cavid Hüseynov ötən gün istefaya göndərilib. 37 yaşlı mütəxəssis ötən ilin noyabrında Bakı klubunun baş məşqçi postuna təyin olunmuşdu. O, bu komandanı 16 oyuna çıxarıb. “Dənizçilər” bu görüşlərdə cəmi 3 qələbə qazanıblar, 4 heç-heçə və 9 məğlubiyyət görüblər.

Bu istefadan sonra baş məşqçi vəzifəsinin icrası cari mövsümün sonunadək Elvin Məmmədova həvalə olunub.

Elvin Məmmədov 2024-cü ilin noyabr ayından “Səbail”də çalışırdı.

“Səbail” Azərbaycan Premyer Liqasının turnir cədvəlində 27 turdan sonra 18 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Seçilən
16
arena.az

1Mənbələr