AZ

"ABŞ Husilərin Vaşinqtonun müttəfiqlərinə zərbəsi təqdirində İranı vuracaq" -AÇIQLAMA

“Şübhəsiz ki, Amerika Birləşmiş Ştatları prezidentinin dünən husilərə qarşı əməliyyat keçirilməsi ilə bağlı qərarı vəziyyəti kifayət qədər ciddiləşdirir. Artıq qərara alınıb ki, husilərlə bağlı əməliyyatların həyata keçirilməsi üçün Mərkəzi Komandanlıq yeni siyasi qərar olmadan da hərəkət edə bilsin. Bu, ciddi bir məsələdir, çünki husilər İranın Yaxın və Orta Şərqdə dəstəklədiyi əsas qruplaşmalardan biridir və 2023-cü ilin oktyabr ayında başlayan proses hələ də davam edir. Məhz o dövrdən etibarən HƏMAS Livanda Hizbullah qruplaşmasına ağır zərbələr endirib. Bundan əlavə, İranın bölgədəki əsas dayağı hesab olunan Bəşər Əsəd rejimi devrilib”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Xatırladaq ki, ABŞ-ın Yəməndəki husi hədəflərinə endirdiyi zərbələr Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib. Husilər danışıqlara hazır olduqlarını bildirməklə yanaşı bəyan ediblər ki, əgər ABŞ hücumları dayandırmasa, qruplaşma Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ bazalarını hədəfə alacaq. ABŞ isə husilərin Vaşinqtonun müttəfiqlərinə zərbə endirəcəyi təqdirdə birbaşa İranı vuracağını açıqlayıb.

Politoloq qeyd edib ki, bu hadisələrdən sonra Amerikanın maraqlarına və beynəlxalq ticarətə təhdid yaradan husilərin zərərsizləşdirilməsi və zəiflədilməsi növbəti strateji addım kimi görünür.

“Husilər Qırmızı dənizdən keçən yük gəmilərinə və ticarət donanmalarına ciddi problemlər yaradır ki, bu da dünya ticarətinə təsir edir. Nəzərə alsaq ki, husilərin məskunlaşdığı Yəmən İranla dəniz qonşusudur, onların zəiflədilməsi həm ABŞ-ın bölgədəki rolunu gücləndirəcək, həm də yüklərin daşınması və Körfəzdən çıxarılan enerji ehtiyatlarının dünya bazarına təhlükəsiz şəkildə çıxarılması kimi məsələlərin həllinə töhfə verəcək. Husilər ilk mərhələdə danışıqlara hazır olduqlarını bildirsələr də, ardınca ABŞ-ın hərbi gəmilərini hədəfə aldılar. Bu da vəziyyəti daha da gərginləşdirən amillərdən biridir. Əgər husilərin hücumları davam edərsə, onların arxasında duran güc kimi İranın hədəfə gəlməsi ehtimalı kifayət qədər yüksəkdir. Nəzərə almaq lazımdır ki, keçən həftə Donald Tramp İranın ali rəhbərinə məktub göndərərək onu danışıqlara dəvət edib. Əgər İran bu təklifi qəbul etməzsə, ABŞ-ın başqa variantlara əl atacağı açıq şəkildə ifadə olunub. ABŞ-ın əsas məqsədlərindən biri İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və bununla bağlı yaranan təhlükəni aradan qaldırmaqdır. Digər məqsəd isə İranın Yaxın və Orta Şərqdəki təsir gücünü zəiflətmək, onun proksi qüvvələrini sıradan çıxarmaq və beləliklə, bölgədəki fəaliyyət dairəsini məhdudlaşdırmaqdır. Proseslər davam etdikcə ABŞ-ın İrana qarşı sərt addımlar ata biləcəyi ehtimalı da artır. Bunun ilkin əlamətləri artıq görünməkdədir. ABŞ-ın hazırkı prezidenti öz sələflərindən fərqli olaraq İrana qarşı daha sərt mövqe sərgiləyir. Bundan başqa, keçən ay Vaşinqtonda Netanyahu və Tramp arasında baş tutan görüşdən sonra ABŞ İsrailə ağır tonnajlı, yeraltı obyektləri, tunelləri və bunkerləri dağıtmaq üçün nəzərdə tutulan raketlər verib. Bu da ABŞ-ın gələcəkdə İranla bağlı daha sərt tədbirlər görə biləcəyinin bir siqnalı hesab oluna bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Seçilən
15
aznews.az

1Mənbələr