AZ

Rektor: Naxçıvan Dövlət Universitetində 2000-ə yaxın əcnəbi tələbə təhsil alır

Naxçıvan Dövlət Universiteti (NDU) ölkədə yeganə kampuslu universitet olub, 10 fakültə, 45 kafedra, Magistratura və doktorantura mərkəzi, Əcnəbi tələbələrlə iş və hazırlıq mərkəzi, 3 kollec (Naxçıvan Musiqi Kolleci, Naxçıvan Texniki Kolleci və Naxçıvan Tibb Kolleci), 1 beynəlxalq məktəb (NDU Beynəlxalq Kembric Məktəbi) və 1 gimnaziyası (İngilis dili Təmayüllü Gimnaziya) olan müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsidir.

APA-nın Naxçıvan müxbiri xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" mövzusunda brifinqdə bildirib.

Rektor 2023-2027-ci illəri əhatə edən əsas strateji inkişaf prioritetləri kimi təhsil, tədqiqat, beynəlmiləlləşmə və resurslar müəyyənləşdirildiyini, ümumilikdə ali təhsil ocağının tədqiqat universitetinə çevrilməyi hədəflədiyini vurğulayıb. O, Universitetin son 5 illik fəaliyyət dövründə əldə olunan nailiyyətlərdən söz açıb, xüsusilə 2024-cü ildə bütün istiqamətlərdə irəliləyişlər olduğunu, yüksək göstəricilər qeydə alındığını diqqətə çatdırıb.
Qeyd edib ki, hazırda NDU-da bakalavr, magistratura, rezidentura və doktorantura daxil olmaqla 250-ə yaxın proqram üzrə hazırlıq aparılır. Ali təhsil ocağının dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələri var.

NDU-da 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbə təhsil alır. Universitetdə azərbaycan dili ilə yanaşı tədrisi ingilis dilində olan ixtisaslar da var.
Rektor bildirib ki, ali təhsil ocağında kadr hazırlığı ilə 561 nəfər professor-müəllim heyəti məşğul olur.

Tədris və tədqiqatın keyfiyyətinin təkmilləşdirilməsi üçün əcnəbi professorların cəlbi davamlı olaraq diqqətdə saxlanılıb. 2024-2025-ci tədris ilində 17 əcnəbi professor tədris prosesinə, 20 əcnəbi professor tədqiqat prosesinə və 23 əcnəbi professor isə təlimlərə cəlb edilib. Bura Türkiyə, Yaponiya, Niderland, Amerikanın nüfuzlu universitet və elmi tədqiqat institutlarının alimləri daxildir.

Elbrus İsayev 2025-ci il gözlənilən yeniliklərlə bağlı da danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” dair məsələlərdə Naxçıvan Dövlət Universitetinin nəzdində ikinci kampusun Tibb kampusu üçün yeni torpaq sahəsi ayrılıb. Əczaçılıq ixtisasının tədris korpusunun inşası (tədqiqat laboratoriyaları ilə birliktə), Tibb fakültəsi üçün binanın, Tibb fakültəsi üçün 500 nəfərlik konfrans zalının, Tibb kolleci üçün binanın, Sosial xidmət mərkəzinin, açıq və qapalı idman zalının, 200 çarpayılıq tibbi tədqiqat Klinikasının, 1000 nəfərlik yeni tələbə yataqxanası və 100 nəfərlik qonaq evinin inşası bu ilin gözlənilən yenilikləridir. Rektor həmçinin İngilis dili tibb ixtisasının beynəlxalq akreditasiyasının təşkili də yeniliklər sırasında olduğunu qeyd edib.

Seçilən
62
3
apa.az

4Mənbələr