AZ

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

Milyarder Porşe və Peks ailələri "Volkswagen AG"dəki səhmlərini azaltmaq üçün potensial variantları nəzərdən keçirir.

Valyuta.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti yazıb.

Xəbərdə bildirilir ki, ailənin əsas investisiya şirkəti olan "Porsche Automobil Holding SE" hazırda 53%-dən bir qədər çox olan səhmlərini 50% və ya 45%-ə endirməyi müzakirə edir. Bu barədə məsələyə yaxın, lakin adları açıqlanmayan mənbələrə istinadən məlumat verilib.

Lakin qəzet qeyd edir ki, Porşe və Peks ailələri arasında səhmlərin satışı ilə bağlı hələlik heç bir razılaşma əldə olunmayıb və qərarın verilməsi üçün ailə daxilində ümumi razılığa ehtiyac var.

Holdinq şirkətinin nümayəndəsi elektron poçt vasitəsilə verdiyi açıqlamada bildirib ki, "Porsche SE"nin hazırda VW səhmlərinin satışı ilə bağlı konkret bir planı yoxdur: "2024-cü ildə də belə bir düşüncə mövcud olmayıb. Bundan əlavə, investorlarla da VW səhmlərinin satışı ilə bağlı heç bir müzakirə aparılmayıb".

"Volkswagen"in səhmləri səs hüququ olan adi səhmlər və səs hüququ olmayan, lakin daha geniş ticarət edilən imtiyazlı səhmlər arasında bölünüb.

"Porsche SE" bu ayın əvvəlində verdiyi açıqlamada 2024-cü il maliyyə ili üçün 20 milyard avro (təxminən 21,8 milyard dollar) vergi sonrası zərər gözlədiyini bildirmişdi. Bu itki "Volkswagen"dəki investisiyasının mühasibat dəyərinin 19,9 milyard avro azalması ilə əlaqələndirilir.

Bu açıqlama Avropanın aparıcı avtomobil istehsalçılarından bəzilərinin üzləşdiyi ciddi maliyyə çətinliklərini vurğulayır.

Paşa Məmmədli

Seçilən
3
valyuta.az

1Mənbələr