AZ

"Ferrari" sahibləri gəncləşir

Lüks avtomobil dünyasının ikonalarından biri olan "Ferrari" getdikcə daha gənc alıcıların diqqətini çəkir. 

Valyuta.az xəbər verir ki, bu barədə "Ferrari"nin baş icraçı direktoru Benedetto Viqna danışıb.

Benedetto Viqna bildirib ki, yeni müştərilərin 40%-i artıq 40 yaşdan aşağıdır.

Sinqapurda keçirilən CONVERGE LIVE tədbirində CNBC-yə müsahibə verən Viqna "Ferrari"nin 9 oktyabrda tamamilə elektriklə işləyən ilk avtomobilini təqdim etməyə hazırlaşdığını da açıqlayıb. Bu tendensiya son 18 ayda ciddi artım göstərib. Belə ki, 2022-ci ildə bu rəqəm 30% olduğu halda, indi 40%-ə çatıb. Viqna bunu Ferrari komandası sayəsində əldə olunmuş uğur kimi qiymətləndirib:

"Digər markalar haqqında danışa bilmərəm, amma bizim üçün bu, komandanın uğurudur".

"Maranello" İtaliyada yerləşən "Ferrari" markası bazardakı eksklüziv imicini qorumaq üçün istehsal sayını məhdud saxlaması ilə tanınır.

Əslində, ötən il satılan "Ferrari"lərin təxminən 75%-i artıq mövcud müştərilərə təhvil verilib. Şirkətin qurucusu Enzo Ferrari bir dəfə belə demişdi:

"Biz həmişə bazarın tələb etdiyindən bir avtomobil az istehsal edəcəyik".

Viqna "Ferrari" avtomobillərinin istehsalının artırılmasını istəyən potensial alıcılarla bağlı maraqlı nümunələr də paylaşıb. O, bəzi müştərilərin uzun gözləmə müddətinə baxmayaraq, bu eksklüziv təcrübənin bir hissəsi olmaqdan məmnun olduqlarını bildirib:

"78 yaşında bir müştəri mənə dedi ki, "Mən "Ferrari" almaq istəyirəm, amma iki il gözləyə bilmərəm". Mən isə "Bu sizin üçün bir motivasiyadır" cavabını verdim. Digər bir müştəri isə 37 yaşında idi və dedi ki, "40 yaşına çatmadan avtomobil almaq istəyirəm". Mən də ona dedim: "Narahat olma, 39 yaşında alacaqsan".

Viqna "Ferrari"nin 9 oktyabrda ilk tam elektrik avtomobilini təqdim etməyə hazırlaşdığını təsdiqləyib. İtaliyada istehsal ediləcək bu model, şirkətin 2024-cü ildə təqdim etməyi planlaşdırdığı altı yeni modeldən biri olacaq.

CONVERGE LIVE tədbirində elektrikli "Ferrari"yə olan potensial tələbat barədə sualı cavablandıran Viqna bu qərarın şirkətin ən qürurverici addımlarından biri olduğunu vurğulayıb:

"Son kapital bazarı günündə elan etdiyimiz kimi, üç növ avtomobil istehsal edəcəyik: ənənəvi daxili yanma mühərrikli, hibrid və tam elektrikli modellər".

Viqna əlavə edib ki, bəzi müştərilər heç vaxt elektrikli "Ferrari" almayacaqlarını desələr də, digər potensial alıcılar yalnız elektrikli model almaq istədiklərini bildiriblər.

"Ferrari" eksklüzivliyini qoruyaraq müasir texnologiyalara uyğunlaşan strategiyası ilə, həm klassik avtomobil həvəskarlarını, həm də yeni nəsil müştəriləri cəlb etməyə davam edir.

Paşa Məmmədli

Seçilən
12
valyuta.az

1Mənbələr