Ramzan Kadırov bazar ertəsi Çeçenistan hökuməti ilə respublikada kəskin qiymət artımını müzakirə etmək üçün iclas keçirib...
Poliqon xəbər verir ki, bu barədə Kadırov Telegram kanalında məlumat verib. Çeçenistan liderinin bloqunda dərc olunan müşavirənin videoreportajında son bir ayda ayrı-ayrı məhsulların qiymətlərinin dinamikası ilə bağlı məlumatlar öz əksini tapıb. Bu rəqəmlərdən belə çıxır ki, bəzi mallar üzrə qiymətlər iki dəfəyə qədər artıb.
Kadırov Telegram kanalında yazıb ki, qiymətlərin monitorinqi zamanı müəyyən pozuntular aşkarlanıb. Onun sözlərinə görə, satıcılar ərzaq məhsullarının bahalaşmasını Ramazan ayı ilə əlaqədar alış qiymətlərinin artması ilə izah ediblər.
Çeçenistan rəhbəri bəyan edib ki, region iqtisadiyyatında qiymətlərin bu qədər artmasına səbəb ola biləcək problemlər yoxdur və tabeliyində olanlara pozuntuların aradan qaldırılması və günahkarların cəzalandırılmasını tapşırıb. Kadırov həmçinin qiymətləri endirməkdən imtina edən satıcıların pərakəndə satış məntəqələrinin bağlanmasını, mallarının müsadirə edilməsini və ehtiyacı olanlara paylanmasını əmr edib.
Poliqon.info