Ötən gün Beynəlxalq Muğam Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Şəhid övladlarının incəsənət akademiyası” layihəsinin bağlanış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl akademiyanın rəsm qrupunun üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.
Açılış nitqi ilə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin Sevinc Alızadə layihənin məqsədinin şəhid övladlarının incəsənət sahəsində inkişafına töhfə vermək olduğunu vurğulayıb: “Bu layihə şəhid övladlarının yaradıcılıq potensialını üzə çıxarmaq və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq üçün nəzərdə tutulub”.
Mərasimin sonunda akademiyanı uğurla bitirən şəhid övladları mükafatkandırılıb.
Qeyd edək ki, üç ay davam edən “Şəhid övladlarının incəsənət akademiyası” layihəsi çərçivəsində iştirakçılar Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində peşəkar təlimçilər - rəssam Nigar Şıxəliyeva və vokal müəllimi Reqina Məcidova tərəfindən keçirilən dərslərdə iştirak ediblər.





