AZ

Bayramın ən mühüm atributu bu giləmeyvə imiş: gecə mütləq...

Qarşıdan yazın, oyanışın, yeniliklərin xəbərçisi Novruz bayramı gəlir. Novruz öz təravəti ilə insan təbiətinin ən ali hisslərini - sevgini, hörməti, qayğını, sadəliyi xatırladır. Bizə nəcib, xeyirxah, sülhsevər olmağı öyrədir.

Eramızdan əvvəl 505-ci ildən qeyd olunan Novruz bu günə qədər qorunub saxlanaraq, hər martın gəlişində qəlblərdə eyni hissləri, həyəcanı oyadır. Qədim zamanlardan etibarən Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və digər şərq ölkələrində Novruz bayramı yazın canlanması və təbiətin yenilənməsi münasibətilə böyük şənliklərlə qeyd olunub. Azərbaycan xalqının milli adət-ənənəsinə görə, Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar.

Lakin illər keçdikcə Novruzun bəzi adət-ənənələri də unudulur. Hətta elə adətlər var ki, xalqımız onlardan tamamən xəbərsizdir.

Məhz bu mövzu ilə bağlı Publika.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli bildirdi ki, Novruzu kompleks bayram hesab etmək olar.

Onun sözlərinə görə, Novruz bayramı sadəcə mart ayında qeyd etdiyimiz adət-ənənələrlə məhdudlaşmır. Novruz qışdan bəri qeyd olunan bir neçə mərasimin toplusudur:

“Bildiyimiz kimi, Novruza qədər hələ üç böyük mərhələ var. Qışın girdiyi dövr sayılan böyük çillə, fevral ayında gələn kiçik çillə və 4 çərşənbə: su, od, külək və torpaq. Bu mərhələlər qış azuqəsini düzgün hesablamaq üçün xalq tərəfindən yaradılıb. Xalq payızda yığdığı azuqələri bu təqvimə əsasən hesablayaraq istehlak edir.

Lakin Novruzdan əvvəl qeyd olunması unudulan bir adət var ki, bu, böyük çillənin girişinə yəni, milad tarixi ilə dekabrın 21-22-sinə təsadüf edir. Bu mərasimin adı Çillə gecəsidir (və ya Yelda gecəsi). Yer kürəsinin şimal yarımkürəsində, ilin 365 gününün ən uzun gecəsidir.

40 gün davam edən böyük çillənin (21 dekabr - 29 yanvar) ilk günüdür. Sonra 20 günlük kiçik çillə (29 yanvar - 18 fevral) gəlir. Bu gecə əsasən, İran, Azərbaycan, Türkiyədə qeyd edilir. Bu gecədə qar yağması çoxlu sevincə səbəb olur. Həmin gecə ailə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yığışır və ilin ən uzun gecəsini çoxlu meyvə və şirniyyat yeməklə qeyd edirlər, qışın necə keçəcəyi barədə müzakirə apararlar”.

Folklorşünas vurğuladı ki, Azərbaycanda çox nadir bölgələr bu adəti qoruyub saxlayıb:

“Məsələn, Naxçıvanda, Lənkəran və Tovuz rayonlarında bu gecə qeyd olunur. Naxçıvanda daha təmtəraqlı qeyd olunduğunu demək olar. Bu gecə həmçinin Güney Azərbaycanda da təmtəraqlı şəkil qeyd olunur. 40 milyonluq Azərbaycan xalqı orada bu adəti davam etdirir. İranda despotizmin, təzyiqin, azərbaycanlılara qarşı amansız təqiblərin olmasına baxmayaraq Çillə gecəsi mərasimi qorunub saxlanılıb. Bunun da tarixi səbəbləri, kökləri var. Xalq nə qədər təzyiq altında olarsa, bir o qədər öz adətlərində mühafizəkar yanaşır, onun unudulmasına heç cürə razı olmur.

Bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Belə ki, hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə edilir. Nişanlı qızlara oğlan evi xonçada qarpız aparar. Həmin qarpızı payız vaxtı dərib, samanın içində bu gecə üçün saxlayarlar. Həmin gecə bu qarpızı kəsərlər. Əgər qarpızın içi tünd rəngdədirsə, bu o deməkdir ki, qış sərt, açıq rəngdədirsə, mülayim keçəcək. Bütün bunlar əlbətdəki empirik, xalq təcrübəsidir”.

A.Əhmədli digər unudulan adətlərdən birinin Xıdırəlləz bayramı olduğunu qeyd etdi:

“Bu bayram Türkiyə, Krım, Qaqauziya, Suriya, İraq, Qafqaz və Balkan regionunda qeyd edilir. Bir çox regionlarda bayram 5-6 may tarixlərindən keçirilsə də Azərbaycanda fevral ayında keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur.

Bu bayramın keçirilmə günü fevral ayının ilk ongünlüyünə təsadüf edən cümə axşamına düşür. Bu da onu göstərir ki, xalqımız İslam dinini qəbul etdikdən sonra bir çox məsələlər dini qayda və qanunlar əsasında, müəyyən çərçivəyə salınaraq icra olunub.

Seçilən
9
publika.az

1Mənbələr