AZ

Maka Boçorişvili: Sülh və təhlükəsizlik Cənubi Qafqaz üçün həyati əhəmiyyət kəsb edir

Tbilisi, 18 mart, AZƏRTAC

“Sülh və təhlükəsizlik bizim üçün əsas faktorlardır. Azərbaycan və Ermənistan arasında sülh sazişi bütün region üçün mühüm əhəmiyyət daşıyır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən “Raisina Dialoqu” çərçivəsində təşkil edilən panel müzakirəsində çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, sülh və təhlükəsizlik məsələləri Cənubi Qafqaz üçün həyati əhəmiyyət daşıyır. “Mən kiçik, lakin son dərəcə dinamik bir region – Cənubi Qafqazdan danışıram. Gürcüstan həmişə qonşuları – Ermənistan və Azərbaycanı sülh yolunda göstərdikləri səylərə dəstəkləyib və bu təşəbbüsləri təşviq edib. Biz çox şadıq ki, onlar sülhə aparan yolu tapdılar və sülh sazişi haqqında açıqlama verdilər. Bu, bütün region üçün son dərəcə vacib bir addımdır” – deyə Boçorişvili vurğulayıb.

O əlavə edib ki, Gürcüstanın iki regionu hələ də işğal altındadır və bu, yalnız Gürcüstan üçün deyil, bütövlükdə region üçün ciddi təhlükə yaradır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
3
azertag.az

1Mənbələr