“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrager, İngiltərə Liqa Kubokunun finalında “Nyukasl”ın “Liverpul” üzərində qələbəsini şərh edib.
Arena.az xatırladır ki, “Nyukasl” bu görüşdə güclü rəqibi önündə parlaq oyun nümayiş etdirməklə 2:1 hesablı qələbəyə seviniblər.
Hazırda futbol təhlilçisi olaraq çalışan Ceymi Karrager bu komandaların görüşünə belə şərh verib:
“Nyukasl” “Liverpul”u nəinki məğlub etdi, onu hətta darmadağın etdi. Hesab 3:0, 4:0 olmalı idi. “Liverpul”la sadəcə olaraq döşəmə sildilər”, deyə Karrager bildirib.
Qeyd edək ki, “Nyukasl” bu qələbə sayəsində tarixində ilk dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Komanda əvvəllər iki dəfə (1976 və 2023-cü illərdə) bu turnirin finalında çıxış etsə də, hər iki halda məğlubiyyətə üzülmüşdü.
“Nyukasl”ın sonuncu böyük zəfəri 1954/1955-ci illər mövsümündə İngiltərə Kubokunu qazanmasına təsadüf edir. “Sağsağanlar” 2006-cı ildə İntertoto Kubokunu və 2016/2017-ci illər mövsümündə İngiltərə Çempionşipini də qazanıblar, amma bu yarışlar aşağı dərəcəli, keçici əhəmiyyətlidir.
“Liverpul” isə sonuncu dəfə 2024-cü ildə bu turnirin qalibi olub və ən çox kubok qazanma rekorduna sahibdir (10). Komanda daha əvvəl 1981, 1982, 1983, 1984, 1995, 2001, 2003, 2012, 2022-ci illərdə turnirin qalibi olub.
Əlavə edək ki, “qırmızılar” ötən həftə ərzində UEFA Çempionlar Liqasında mübarizəyə xitam vermişdilər. İngiltərə Liqa Kubokunda məğlubiyyət isə “Liverpul”un cari mövsümdə bir həftə ərzində əldən buraxdığı artıq ikinci qənimətdir.