Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq region üçün böyük əhəmiyyət kəsb edir. Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Yeni Dehlidə keçirilən “Raisina Dialoqu 2025” beynəlxalq konfransında çıxışı zamanı bildirib. Məlumatı XQ “Kaliber.az”a istinadən verib.
O, “Rəqabət və əməkdaşlıq – təhlükəsiz gələcək naminə” panel müzakirəsi zamanı Azərbaycan, Gürcüstan və bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edən məsələlərə toxunub.
Nazirin sözlərinə görə, Gürcüstanın tarixi rolunun bərpası və müasir dünyada gücləndirilməsi ölkənin əsas prioritetləridir : “Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq və strateji tərəfdaşlarımızın dəstəyi sayəsində çoxlu sayda mühüm layihələr həyata keçirilib. Onilliklər keçsə də, bu layihələr ümumavropa təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından böyük potensiala malik olduğundan öz aktuallığını saxlayır. Bu layihələr enerji və nəqliyyat sektorlarında xüsusilə mühüm rol oynayır”.
O bildirib ki, Gürcüstan bu yaxınlarda Azərbaycan, Türkiyə və Ermənistanla əməkdaşlığın vacibliyini bir daha dərk edib. Boçorişvilinin sözlərinə görə, bu üç ölkə Gürcüstanın əsas tərəfdaşlarıdır və bu əməkdaşlıq regionun inkişafı üçün vacibdir: “Sülh və təhlükəsizlik bizim üçün əsas amillərdir. Azərbaycan və Ermənistan arasında sülh sazişi bütün region üçün böyük əhəmiyyət kəsb edir”.
Boçorişvili Orta Dəhlizin əhəmiyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, bu nəqliyyat marşrutu təkcə region ölkələri üçün deyil, bütün Avropa üçün yeni imkanlar açır. Nazirin sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq təkcə iki ölkənin deyil, bütün Cənubi Qafqazın inkişafına yönəlib. O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və digər enerji layihələri uğurlu əməkdaşlığın ən parlaq nümunələridir.
P.ƏMİRCANOV
XQ