AZ

Milli Kitabxanada tanınmış ictimai xadim Qənirə Paşayevanın 50 illiyi münasibətilə sərgi hazırlanıb

Bakı, 18 mart, AZƏRTAC

Milli Kitabxanada Azərbaycanın, Türk dünyasının sevilən qızı, Turan sevdalısı, professor Qənirə Paşayevanın anadan olmasının 50 illiyi münasibətilə “Professor Qənirə Paşayeva” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə professor Qənirə Paşayevanın əziz xatirəsinə həsr olunmuş şeirlər, mükafatlarları, dövri mətbuatda çap olunan məqalələr, fotolar, müəllifi olduğu əsərlər, layihə rəhbəri, “Ön söz”, redaktor olduğu Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Q.Pashayeva/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə isə professor Qənirə xanım Paşayevanın müəllifi olduğu əsərlər, layihə rəhbəri, “Ön söz”, redaktor və baş məsləhətçisi olduğu Azərbaycan və müxtəlif dillərdə kitablar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Qeyd edək ki, tanınmış ictimai xadim və jurnalist, professor Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 1991-1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində oxuyub, daha sonralar Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb, 2010-cu ildə isə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olub.

Qənirə Paşayeva zəngin ictimai-siyasi fəaliyyəti dövründə çalışdığı bütün sahələrdə dərin məsuliyyəti və insanlara münasibətdə yüksək həssaslığı ilə böyük hörmət və rəğbət qazanıb. Milli dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında onun təqdirəlayiq xidmətləri vardır. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi ölkədə mədəniyyət sahəsində dövlət siyasətinin uğurla gerçəkləşdirilməsində yaxından iştirak edib.

Qənirə Paşayeva Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin yüksək kürsülərdən dünyaya çatdırılması üçün var qüvvəsini səfərbər edib, türk xalqları arasında birlik və qardaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi işinə dəyərli töhfələr verib.

Professor Qənirə Paşayeva “Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən”, “Səndən sonra” və s. 20-dən artıq elmi, publisistik, şeirlər kitabının, yüzlərcə məqalənin, 20-yə yaxın sənədli filmin ssenari müəllifidir.

 

Seçilən
6
azertag.az

1Mənbələr