Bu gün “Neftçi” üçün əlamətdar gündür.
"Cebheinfo.az" xəbər verir ki, “ağ-qaralar” 88 yaşını tamamlayır.
Klub 1937-ci ilin mart ayının 18-də Bakıdakı neft sənayesi işçiləri tərəfindən yaradılıb.
Həmin dövrdə rus dili işlək olduğundan komandanın ilk adı “Neftyannik” olub. Klubun geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olunub. Emblemdə yerini alan “H” hərfi (kiril əlifbası ilə) - “Neftyannik” sözünün birinci hərfi idi.
“Qara qızıl”ın rəngi formanın əsasını təşkil etdi. Həmin dövrdə neftlə bərabər “ağ qızıl” adlandırılan pambıq da Azərbaycan SSRİ-nin şöhrətlənməsində böyük rol oynadığından qərara alınıb ki, pambığın rəngi də formada əks olunsun.
O vaxtdan Azərbaycan futbolunun flaqmanına çevrilən “Neftçi” ağ-qara rənglərə sadiq qaldı.
Komanda ilk rəsmi matçını 24 may 1937-ci ildə keçirib. Bu, həmçinin, “ağ-qaralar”ın debüt oyunu idi. SSRİ Kubokunun 1/64 final mərhələsində komanda Bakının “Dinamo” stadionunda 5 min azarkeşin izlədiyi matçda İrəvan “Dinamo”sunu 1:0 hesabı ilə məğlub etmişdi.
Pavel Ştirlinin 87-ci dəqiqə vurduğu top “Neftçi”nin tarixində ilk qol idi. Komandanın baş məşqçisi Aleksandr Qnezdov, kapitanı isə heyətdəki yeganə azərbaycanlı Məmməd-Əli İsmayılov olub.
"Cebheinfo.az"