“Çirkli pulların yuyulmasında xüsusilə müasir texnologiyalar çox mühüm rol oynayır. Artıq çirkli pullar rəqəmsal sferada daha çox yuyulmağa başlayıb.
Bu fikirləri İKT üzrə ekspert Elvin Abbasov KONKRET.az-a açıqlmasında bildirib.
“Ənənəvi dövrə baxsaq, otelçilik, çamaşırxanalıq kimi fəaliyyət növləri olmadan da müəyyən şəxslər biznes göstərərək çirkli pulları yuyurdular. O biznesə pul daxil olurdu və vergisi ödənərək təmiz vəsait kimi dövriyyə çıxarılırdı. İndi rəqəmsal aləmdə bir çox kibercinayətkarlar, dələduzlar və oğrular üçün əlverişli şərait yaradılıb. Rəqəmsal bizneslər, xüsusən də sosial şəbəkələr vasitəsilə çirkli pulların yuyulması mümkündür.“
Ekspert qeyd edir ki, keçmiş dövrlərdə “Odnoklassnik” şəbəkəsi var idi. Orada da böyük pullar və hədiyyələr verilirdi.
“Müxtəlif oyunlar var ki, onlar vasitəsi ilə hədiyyələrin mübadiləsi həyata keçirilir. Daha sonra isə bu oyunlardakı hədiyyələr pula çevrilir və beləcə çirkli vəsaitlərin təmizə çıxarılması həyata keçirilir. İndiki dövrdə isə blogerlər üzərindən çirkli pulların yuyulması fəaliyyəti aktualdır. Keçən il bu istiqamətdə qardaş Türkiyədə böyük bir əməliyyat keçirilib, bir çox bloger tutulub, onlara uzun müddətli həbs cəzası verilib. Həmçinin Azərbaycanda da artıq blogerlər üzərindən çirkli pulların yuyulması istiqamətində şübhələr ortaya çıxıb. Belə ki, daha çox TikTok sosial şəbəkəsi üzərindən çirkli pulların yuyulmasına cəhdlər göstərilir. Burada bahalı hədiyyələr göndərərək, qarşı tərəfdən əvvəlcədən sövdələşmə ilə pulların çıxarılıb bölüşdürülməsi prosesi həyata keçirilir. Həmçinin də blogerlik fəaliyyətlərinin digər istiqamətlərində də çirkli pulların yuyulmasında istifadə olunur. Bununla bağlı cəmiyyətdə maarifləndirmə istiqamətində iş aparılmalıdır. Aidiyyatı qurumlar bu istiqamətdə qanunauyğun formada çəkindirici tədbirlər görməlidir. Təbii ki, qanun bütün bu proseslərə öz münasibətini bildirməlidir”.
Aynurə İsmayıl
KOKRET.az