"Cəmiyyətimizdə mediasiya mədəniyyəti çox aşağı olduğu üçün insanlar mübahisənin barışıq formasında həll etməyə meyilli olmurlar. Bu sistemin səmərəliliyinin təbliğ olunması çox əhəmiyyətlidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, mediasiya sistemi bizim hüquq və cəmiyyətin özünün sisteminin güzgüsü kimi anlaşılamlıdır:
"Xüsusilə ailə münasibətlərində çox ciddi məsələlər ortaya çıxır. Bu, nikah müqavilələri ilə bağlı məsələdir. Biz çox vaxt burada vətəndaş məsuliyyətsizliyi məsələsini arxa planda tutduğumuza görə bir sıra məsələlər mediasiya və məhkəmədə çətinlik yaradır. Bizdə nikah müqavilələri könüllüdür. Belə ki, insanlar bir-birinə üzük, qazan, aşsüzən və s. aparır, bunların heç birini sənədləşdirmir. Bunu sənədləşdirmədiyi üçün boşanma olan kimi mediasiyanın, məhkəmənin üzərinə yıxırlar ki, bunun alınıb qaytarılması təmin edilsin".
Bu mübahisələr gündəmi zəbt etdiyini deyən deputat qeyd edib ki, uşağın taleyi bir tərəfə qalır, amma "üzüyün qaşını dəyişmisiz, bunu olduğu kimi qaytarmalısız" deyə tələblər məhkəmənin əsas mövzusuna çevrilir.
"Ona görə nikah müqaviləsində məcburi elementləri bura tətbiq etməliyik. Bundan sonra heç bir şəxs hansısa şəkildə apardığı əşyaların geri qaytarılması tələbi ilə bu qədər uzun mübahisəyə girməyəcək. Bu məsələlər bir də qisas xarakterli amilə çevirilib. Bir çox hallarda həmin əşyalara ehtiyac olmasa da, prinsip onun alınması üçün ailə dəyərləri üzərində manipulyasiya edilməsinə səbəb verir. Bu, insanlar arasında barışmaz ziddiyyətlər yaradır".
Mina Mikayılova