AZ

Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri artıb

Bakı, 18 mart, AZƏRTAC

Ötən il ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80,7 faiz təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, 2024-cü il üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1 milyard 201,8 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (5 milyard 687,6 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (-6 milyard 889,4 milyon dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə, qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 32,1 faiz azalaraq 1,4 milyard dollar olub. Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 742,4 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 226,5 milyon dollar azalıb.

Qeyd edək ki, birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 7 milyard dollar, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard dollar olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 968,9 milyon dollar kəsir yaranıb.

Seçilən
5
azertag.az

1Mənbələr