Bu ilin mart ayının 1-dən Ramazan ayı başlayıb. Martın 30-na kimi davam edən müqəddəs ayda əhalinin müəyyən qismi oruc tutur, xeyriyyə aksiyaları təşkil edirlər. Bu ayda ibadət etmək böyük fəzilət hesab olunur.
Lakin, elə əməllər də var ki, ibadətə bərabər hesab olunur.
Bu barədə Modern.az-a açıqlamasında Heydər məscidinin imam müavini Rza Rzayev söyləyib ki, Ramazan ayına iki istiqamətdə nəzər yetirə bilərik: "Birincisi, fərdi ibadət, ikincisi isə sosial-ictimai ibadət. Fərdi ibadətin mənasında göstərilib ki, müqəddəs Qurani-Kərim kitabı bu ayda nazil olunub. Kitabda deyilir ki, bu ayda bir ayə oxumaq, bir surə oxumağa bərabərdir. Bir surə oxumaq isə, Quranı xətm etməyə bərabərdir.
Təbii ki, bura təkcə, zahiri oxunuş deyil, oxuduğumuzu dərindən düşünmək də aiddir. Həmçinin, müxtəlif zikrlərin və ibadətlərin edilməsi, namazların qılınması bu ibadət növünə aiddir. Qədr gecələri burada xüsusi yer tutur".
Rza Rzayev açıqlayıb ki, ictimai ibadətin bu ayda ayrı yeri var. Hər şey dini ayinləri həyata keçirməklə, həll edilmir. Elə əməllər var ki, onlar ibadətə bərabərdir. Bu ay ictimai-sosial bərabərlik ayıdır. Eyni zamanda, səmimi yardımlaşmaq böyük fəzilət hesab olunur.
Din xadiminin fikrinə görə, Ramazanda edilən sədəqələr, ehtiyacı olanlara əl tutmaq savabdır:
"Allah-Rəsulu buyurub ki, oruc təkcə, yeməkdən, sudan uzaq qalmaq demək deyil. İnsanın mədəsi ilə oruc tutmasından başqa, gözümüzü, qulağımızı, dilimizi də zərərdən uzaq saxlamalıyıq.
Bu ayda edilən yaxşı əməllər, digər aylardakından qat-qat artıq savaba malikdir. Elə şəxslər var ki, özlərindən asılı olmayan səbəblərdən dolayı, oruc tuta bilmirlər. İmkanı olan vətəndaşların , belə şəxslər üçün iftar süfrələri təşkil etməsi vacib əməllərdəndir. Üstəlik, insanlara mehriban yanaşmaq, gülərüz davranmaq önəmlidir. Həm də Novruz bayramının bu aya təsadüf etməsi insanları bir-birinə daha çox bağlayır. Küsülülərin barışması, düşmənçilikdən uzaqlaşmaq da ibadətin bir hökmü sayılır".
Zərif Sofiyeva