AZ

Kanadanın keçmiş baş naziri: Qaydalara əsaslanan dünya nizamı sona yaxınlaşır- ÖZƏL

Qərbin beynəlxalq münasibətlərə dair yanaşmalarına əsaslanan qaydalara əsaslanan dünya nizamı sona yaxınlaşır və dünya yenidən böyük güclərin tarazlığı prinsipinə qayıdır. Bu fikri Hindistanın paytaxtında keçirilən "Raisina Dialoqu" politoloji konfransında Kanadanın sabiq baş naziri (2006-2015) Stiven Harper səsləndirib.

"Mən hesab edirəm ki, qaydalara əsaslanan dünya nizamı - bizim bildiyimiz formada - sona çatır. Əslində, bu, tarixdə bir istisna idi. Böyük güclərin təsir dairələri və onların qarşılıqlı əlaqələrinin qlobal səviyyədə müharibə və sülh məsələlərini müəyyənləşdirdiyi bir dünya - insanlıq tarixinin normal vəziyyətidir. Düşünürəm ki, biz məhz buna geri qayıdırıq", - deyə Harper bildirib.

Onun fikrincə, beynəlxalq sistemin dəyişməsində Rusiya və Çin mühüm rol oynasa da, artıq bu prosesə ABŞ da qoşulub. Halbuki məhz Vaşinqton hazırkı dünya düzəninin formalaşmasında əsas qüvvə olub. Harper qeyd edib ki, ABŞ artıq özünü bu sistemin mərkəzi və əsas müdafiəçisi kimi görməkdən uzaqlaşır və bundan sonra öz maraqlarını və təsir dairələrini əsas götürəcək.

Bu dəyişikliyin əsas səbəbi, onun sözlərinə görə, Vaşinqtonun əvvəlki yanaşmanın yüksək maliyyətli və qeyri-effektiv olduğunu anlamasıdır. O hesab edir ki, bu tendensiya artıq sabit xarakter alıb və ABŞ-ın Donald Trampdan sonra da bu yoldan geri çəkilməsi çətin görünür.

Bununla belə, Harper qeyd edib ki, BMT və digər beynəlxalq təşkilatlar hələ də mövcud olacaq və regional problemlərin həlli üçün əhəmiyyətini qoruyacaq. Lakin böyük münaqişələrin - o cümlədən Ukrayna və Yaxın Şərqdəki böhranların taleyi əsasən böyük güclərin maraqları və tarazlığı ilə müəyyən ediləcək.

Orta güclər və regional liderlər üçün isə üç seçim qalır: ya hazırkı qaydaları qorumağa çalışmaq (buna kifayət qədər resursları olmaya bilər), ya böyük güclər arasında balans yaratmaq, ya da kifayət qədər güc və təsir əldə edərək ən nüfuzlu dövlətlərə müqavimət göstərmək.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr