Bakı, 18 mart, AZƏRTAC
“Volkswagen Group” konserninə daxil olan lüks avtomobil istehsalçısı “Audi” 2029-cu ilədək Almaniyada 7,5 min iş yerini ixtisar etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu addım “Audi” kompaniyasının məhsuldarlığını və gəlirliliyini artırmaq üçün nəzərdə tutulub. İxtisarların kompaniyanın illik xərclərini 1 milyard avrodan çox azaltmağa yardım edəcəyi gözlənilir.
“İqtisadi mühit getdikcə çətinləşir, rəqabət təzyiqləri və siyasi qeyri-müəyyənlik şirkət üçün böyük problemlər yaradır”, - deyə kompaniyanın bəyanatında bildirilir.
Şirkətin baş direktoru Gernot Döllner, həmçinin kompaniyanın Almaniya müəssisələrinə təxminən 8 milyard avro sərmayə yatırmağı planlaşdırdığını deyib.
Qeyd edək ki, “Audi” kompaniyasının bütün dünyada 87 mindən, o cümlədən Almaniyada 54 mindən çox işçisi var.