"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova QHT.az-a açıqlamasında dünyadakı sürətli dəyişikliklərin milli kimliyə və adət-ənənələrə təsirindən danışdı.
QHT sədri bu dəyişikliklərin bir çox gündəlik rutinlərimizdə və cəmiyyətin sosial strukturunda dəyişikliklərə səbəb olduğunu vurğulayıb:
"Bu gün dünya sürətlə dəyişir. Texnologiyanın inkişafı, süni intellektin gündəlik həyatımıza sürətlə nüfuz etməsi bir çox gündəlik rutinlərimizlə yanaşı, müəyyən adət və ənənələrin aradan qalxmasına və ya dəyişməsinə səbəb olur. Lakin bir xalqın milli kimliyini onun adət və ənənləri böyük ölçüdə müəyyən edir və texnologiya nə qədər inkişaf edirsə etsin, bunların aradan qalxmasına və ya deqradasiyaya uğramasına yol vermək olmaz".
QHT sədri bildirib ki, bunun ən əsas yolu, maarifləndirmədir, bu, ilk növbədə ailədən başlamalıdır:
"Ailədə dünyaya göz açan uşaq milli dəyərlərimizə uyğun şəkildə, adət və ənənələrimizə hörmət ruhunda tərbiyə edilməlidir. Düzdür, onunla da razıyam ki, müəyyən adət və ənənələrimiz ola bilər ki, zamanın tələblərinə uyuşmasın və ya yeni dünya üçün artıq köhnəlmiş hesab olunsun. Bunları da düşünürəm ki, necə deyərlər, korrektə etmək olar. Qloballaşma heç də həmişə yaxşı tərəfləri ilə biruzə vermir. Bizim kimi adət və ənənələrə bağlı cəmiyyətlərin vəzifəsi də odur ki, milli kimliklərini formalaşdıran adət-ənənələri qoruyub-saxlaya bilsin".
Pərvanə Fərhadqızı