AZ

Alimlərdən tibb aləmində daha bir mühüm kəşf

Amerikalı tibb mütəxəssisləri müəyyən ediblər ki, yeni dərman vasitəsi baloksavir marboksil (baloxavir marboxil) məməlilər yüksək patogenli H5N1 quş qripinə yoluxmaqdan qorumaqda oseltamivir əsaslı geniş istifadə olunan antivirus dərmanlarından daha effektivdir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Nature Microbiology" elmi jurnalında dərc olunub.

"2025-ci ilin fevralına qədər yalnız ABŞ-də yüksək patogenli H5N1 virusuna insan yoluxmasının 70-dən çox halı qeydə alınıb. Yoluxmaların, ehtimal ki, virus daşıyıcısı olan heyvanlarla təmas nəticəsində baş verdiyi düşünülür.

Bu alimləri daha effektiv dərman preparatı yaratmağa sövq edib. Siçanlar üzərində aparılan təcrübələr göstərdi ki, artıq təsdiqlənmiş baloksavir preparatı infeksiyanın yayılmasını ləngidir və gəmiricilərin ölüm ehtimalını azaldır", - deyə nəşr yazıb.

Amerika Uşaq Araşdırmaları Xəstəxanasının professoru Riçard Uebbi və onun həmkarları H5N1 virusuna yoluxmuş siçanların müalicəsində iki fərqli fəaliyyət mexanizminə malik antivirus dərmanlarının, oseltamivir və baloksavir təsirini araşdırıblar.

Təcrübələr zamanı alimlər insanlarda müşahidə olunan yoluxma hallarını yenidən yaratmağa çalışıblar. Belə yoluxmalar əsasən viruslu süd damcılarının burun-udlağa, həzm sisteminə və ya gözlərə düşməsi nəticəsində baş verirdi.

Tədqiqatçılar siçanların orqanizminə yüksək dozada virus hissəcikləri olan süd damcıları yeridərək baloksavir və oseltamivir vasitəsilə onların sağ qalma ehtimalını öyrəniblər.

Müşahidələr göstərib ki, baloksavir virus gözə düşdüyü halda  siçanların hamısını ölümdən qoruyub və burun-udlağa daxil olduğu halda isə 75 %-dən çox heyvanın sağ qalmasını təmin edib.

Bunun əksinə olaraq, oseltamivir hər iki halda yalnız siçanların təxminən yarısını xilas edə bilib. Nəzarət qrupundakı siçanların hamısı isə yoluxmadan beş gün sonra ölüb.Alimlər bildirirlər ki, bu nəticələr H5N1-in yeni ştammlarının yüksək təhlükəliliyini bir daha sübut edir.

Bununla yanaşı, tədqiqatçılar hər iki dərmanın yoluxmuş süd vasitəsilə həzm sisteminə daxil olduqda virusla mübarizədə eyni dərəcədə zəif olduğunu müəyyən ediblər.

Bu halda dərmanlar siçanların cəmi 13-25 %-ni xilas edə bilib. Alimlər bunu yeni H5N1 ştammlarının bağırsaqdan limfa düyünləri və periferik sinirlər vasitəsilə sürətlə bütün orqanizmə yayılmaq qabiliyyəti ilə əlaqələndirirlər. 

Təcrübələrin nəticələri H5N1-in mümkün yayılmalarına qarşı yeni dərmanların və müalicə kombinasiyalarının hazırlanmasının vacibliyini vurğulayır.

Seçilən
2
cebheinfo.az

1Mənbələr