Martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
"Ermənistan bir tərəfdən Azərbaycanı sülh müqaviləsi imzalamağa tələsdirir, digər tərəfdənsə təxribatlar törədir" - bunu Sonxeber.az -a açıqlama verən Aydın Mirzəzadə deyib:
"Ermənistan bir tərəfdən Azərbaycanı sülh müqaviləsi imzalamağa tələsdirir, digər tərəfdənsə təxribatlar törədir. Hesab edirəm ki, Ermənistan Azərbaycanla səmimi olduğunu reallıqda göstərməlidir. Əgər bir tərəfdən imza atıb, digər tərəfdən Azərbaycan ərazisini atəşə tutursa, bu, Ermənistanın imzasının saxta olduğunu göstərir. Bu baxımdan, onlar etdiklərinə görə cavab verməlidirlər. Açıqlama yaymalıdırlar ki, bunları hansı səbəbdən edirlər. Niyə bir tərəfdən Azərbaycana sülh müqaviləsinin imzalanacağı yeri və günü müəyyən etmək üçün müraciət edir, digər tərəfdənsə qonşuluğa yaraşmayan və cinayət xarakterli addımlar atır.
Deməli, Ermənistan silahlı qüvvələrində Paşinyana tabe olmayan qüvvələr var. Əgər belədirsə, Paşinyan bu məsələyə cavab verməlidir. Ya da, Ermənistanın özü Azərbaycanı təzyiq altında saxlamağa çalışır. Azərbaycan qonşu dövlətlərlə səmimi münasibəyin tərəfdarıdır. Biz eyni münasibəti Ermənistandan da gözləyirik"
Çiçək Sadatova