AZ

"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum öz işini yekunlaşdırıb

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda əvvəlcə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Forumda açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, tarixin acı sınaqlarına, müxtəlif dövrlərdəki çətinliklərə baxmayaraq, türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb, yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak ediblər.

Ortaq dəyərlərimiz, güclü milli ruhumuz və fəal vətəndaş mövqeyində olan insanların həmrəyliyi bu ənənələri müasir dövrümüzə qədər gətirib çıxarıb. Bu konfransın məqsədi də vətəndaş cəmiyyətlərinin həmrəyliyinin vacibliyini bir daha diqqətə çatdırmaqdır.

İcraçı direktor vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev həmişə türkmanların Azərbaycanla olan tarixi bağlarına xüsusi önəm verirdi. Onun “Türkmanlar və Azərbaycan - bir bütövün parçalarıdır” fikri türkman icmalarının Azərbaycanla olan qırılmaz bağlarını bir daha vurğulayır.

İraq, Türkiyə, Suriya, İordaniya, Livan, Əfqanıstan və digər ölkələrdə yaşayan türkmanlar bir ağacın budaqlarıdır. Fərqli coğrafiyalarda, fərqli talelərini yaşasalar belə bu insanlar eyni mədəni, tarixi dəyərlərin daşıyıcılarıdır.

“Vətən müharibəsində qazanılan qətiyyətli Zəfərdən sonra Prezident İlham Əliyevin “Türk Dövlətləri Təşkilatı səviyyəsində səylərimizi davam etdirəcəyik, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” bəyanatı türk dövlətləri arasında münasibətlərin yalnız dövlətlərarası səviyyədə deyil, həm də vətəndaş cəmiyyətləri arasında inkişafına xüsusi təkan verdi”,- deyə A. Əliyeva əlavə edib.

Çıxış edən İraq parlamentinin deputatı Ərşad Rəşad Salehi deyib: "İraq türkmanları ilə Azərbaycan arasında tarixən ortaq dəyərlər mövcuddur. Çətin şərtlərə baxmayaraq, dilimizi, mədəniyyətimizi unutmadıq, ayaqda durmağı bacardıq, varlığımzıdan əl çəkmədik".

İraqlı deputat Xocalı soyqırımından da danışıb: “Xocalı faciəsi təəssüf ki, hələ də İraqda rəsmi olaraq soyqırımı kimi tanınmayıb. Biz Xocalı soyqırımını İraqda tanıtmaq üçün var gücümüzlə çalışacağıq”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa qeyd edib ki, ortaq keçmişdə birləşə bilmədiyimiz üçün türklər müəyyən qədər bir-birlərindən uzaqlaşıblar. İndi isə ortaq gələcəyimizi yaratmaq üçün çalışmalıyıq.

Deputatın sözlərinə görə, Türk, İslam dünyası güclü olsa, heç bir qüvvə bizə əziyyət verə bilməz: “Biz gələcəyin sağlam, hədəfə doğru yönələn yol xəritəsini hazırlamalıyıq”.

Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov deyib ki, "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" forumu böyük bir yolun başlanğıcdır. Ona görə də QHT-lər bir araya gələrək, Türk dünyasını daha da gücləndirməyə töhfə verə bilər.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətləri bir çox məsələlərin önündə getdiyi üçün Türk dünyası üçün də nələrsə edə bilərlər.

Çıxışlardan sonra Türkmanların işğaldan azad edilmiş ərazilərə səfəri zamanı təəssüratlarında bəhs edən videoçarx nümayiş olunub.

Forum panel müzakirələri ilə davam etdirilib.

Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun moderatorluğu ilə keçirilən “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri” mövzusuna həsr olunmuş panel müzakirəsində çıxış edən Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Türkmaneli Qadınlar Dərnəyinin rəhbəri Fevziye Hasasu, "Türkmaneli" qəzetinin baş redaktoru, yazıçı-jurnalist, tarixçi Necat Kevsəroğlu və Türkmaneli Federasiyası Dərnəklərinin sədri Mehmet Tütüncü mövzu barədə öz fikirlərini bildirib, əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, bu istiqamətdə müxtəlif təkliflər səsləndiriblər.

"Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camalın moderatorluğu ilə "Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” mövzusuna həsr olunmuş növbəti panel müzakirəsi keçirilib.

Çıxış edən Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci, Türkman Akademiklər Təşkilatının sədri Nebil Şahin Kifrili, Türkman Həmrəylik Təşkilatının sədri Kürşat Çavuşoğlu, Əbədi Turan Kitab Fondunun sədri Esmira Fuad və İraq Türkmanları İnsan Haqları Dərnəyinin Almaniya üzrə təmsilçisi Qənim Osman Türk dövlətləri arasında ortaq dəyərlərin qorunması, gələcək nəsillərə çatdırılması üçün birgə fəaliyyətlərin həyata keçirilməsi barədə fikirlərini bildiriblər.

Çıxışçılar Türk dünyasını ilə bağların daha da gücləndirilməsi istiqamətində işlər görülməsinin önəmi barədə təkliflərlə çıxıb edib, bütün çətinliklərdə hər zaman bir olmağın vacibliyini vurğulanıblar.

Forum konsert proqramı ilə davam edib.

Seçilən
103
1
azertag.az

2Mənbələr