Futbol üzrə Fransa milli komandasının keçmiş mərkəz hücumçusu Kevin Qameyro peşəkar futboldan getdiyini bəyan edib.
Arena.az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Qameyronun sonuncu klubu 2024-cü ilin yayında tərk etdiyi “Strasburq” olub. O, cari mövsümün əvvəlində və bu qış fasiləsində özünə yeni iş yeri tapa bilmədiyi üçün rəsmi olaraq futbolla vidalaşdığını bəyan edib.
Kevin Qameyro peşəkar karyerasına məhz “Strasburq”da başlayıb. O, “Loryan”, PSJ, “Sevilya”, “Atletiko” (Madrid), “Valensiya” kimi klublarda forma geyindikdən sonra 2021-ci ilin iyul ayında yenidən doğma komandasına qayıtmışdı. Qameyro “Strasburq”da bütövlükdə 170 oyun keçirib, 43 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Qameyronun digər klublarındakı çıxışının rəqəmlərlə göstəricisi belədir:
“Sevilya”: 145 oyun, 67 qol, 17 assist
“Valensiya”: 121 oyun, 24 qol, 12 assist
“Loryan”: 120 oyun, 56 qol, 23 assist
“Atletiko”: 82 oyun, 27 qol, 11 assist
PSJ: 77 oyun, 23 qol, 6 assist
Kevin Qameyro karyerası ərzində 4 dəfə Avropa Liqasının qalibi olub. O, bunlardan üçünü “Sevilya”nın, birini isə “Atletiko”nun heyətində rəsmiləşdirib. PSJ ilə Fransa çempionu olmuş keçmiş hücumçu “Valensiya”nın heyətində də İspaniya Kubokunun qalibi olub.
Fransanın U-18, U-20 və U-21 yığmalarında da oynamış Qameyro 2010-cu ilin sentyabrında əsas millidə debüt edib. O, Fransa milli komandasında meydana çıxdığı 13 oyunda 3 qol vurub.