Martın 18-də Bakı Slavyan Universitetində (BSU) “Yeni dövrün Azərbaycanı: Qərbi Azərbaycan irsi və milli mədəni dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı, Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, AMEA-nın Folklor üzrə Elmi Şurasının sədr müavini Mahmud Allahmanlı çıxış ediblər.
“İki sahil” xəbər verir ki, ilk olaraq iştirakçılar universitetin foyesində fakültələr tərəfindən hazırlanmış və Novruzun rəmzi adət-ənənələrini əks etdirən guşələrlə tanış olublar. Sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev 24 sentyabr 2024-cü il tarixində Qərbi Azərbaycan Elmi Tədqiqat Mərkəzinin yaradıldığını və bu il rəsmi açılışının baş tutduğunu bildirib. O qeyd edib ki, mərkəzin fəaliyyət göstərməsi cənab Prezidentin qarşıya qoyduğu Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində ali təhsil müəssisəsinin üzərinə düşən missiyanı yerinə yetirməkdən ibarətdir.
Rektor çıxışında bildirib ki, biz çox xoşbəxt və qürurluyuq ki, Novruz tonqallarının bütün Azərbaycanda alovlanmasının şahidi oluruq. Ölkə rəhbəri Prezident İlham Əliyevin Şuşada, Xankəndidə, Ağdamda, Xocalıda və digər bölgələrdə Novruz tonqalı yandırması hər birimizin qürur və xoşbəxtlik mənbəyidir. Biz hər birimiz qürurluyuq ki, dövlət başçımızın qurduğu yeni dövrün Azərbaycanında yaşayırıq.
A.Nağıyev əlavə edib ki, Novruz bayramı ənənələrini yaşatmaq və milli-mənəvi irsimizi qorumaq, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin ayrılmaz hissəsidir. Biz Ulu Öndər Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövlətinin vətəndaşları olaraq, ölkəmizin dinamik inkişafının şahidi olmaqdan və bu prosesin bir parçası kimi iştirak etməkdən böyük xoşbəxtlik hissi keçiririk. Bu gün Novruz bayramı bizə həm də azərbaycanlıların tarixən yaşadığı əzəli torpaqlarına qayıdış çağırışı edir. Biz Qarabağa və Şərqi Zəngəzura qayıtdıq, eləcə də Qərbi Azərbaycan torpaqları bizi milli-mənəvi irsimizi orada yenidən canlandırmağa səsləyir. Rektor Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi Qərbi Azərbaycana qayıdış konsepsiyasının qarşıya qoyduğu məsələləri bir daha qeyd edərək, azərbaycanlıların öz torpaqlarına geriyə qayıdış hüququnun olduğunu bildirdi.
Rektor çıxışının sonunda vurğulayıb ki, bugünün Novruz tonqalları zəfərimizin, suverenliyimizin, eləcə də bütövlüyümüzün rəmzinə çevrilmişdir.
Tədbirdə çıxış edən AMEA-nın akademiki, Qərbi Azərbaycan İcmasının üzvü görkəmli alim Abel Məhərrəmov Qərbi Azərbaycanın tarixi, onun Azərbaycan xalqının etnik-mədəni irsində oynadığı mühüm rol və Azərbaycan dövlətinin qədim tarixindən söz açdı. O, Qərbi Azərbaycan ərazisinin tarixən Azərbaycan xalqının ayrılmaz bir parçası olduğunu vurğulayaraq, bu istiqamətdə aparılan elmi araşdırmaların əhəmiyyətini qeyd edib.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının üzvü professor Mahirə Nağıqızı Novruz bayramının milli-mənəvi dəyərlər sistemindəki əhəmiyyətindən bəhs edərək, onun xalqımızın tarixi yaddaşındakı yerindən söz açdı. O, eyni zamanda Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair apardığı siyasətin tarixi ədalətin bərpasına yönəldiyini vurğulayıb və cənab Prezidentin Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla görüşü zamanı söylədiyi fikirlərə istinad edərək, Qərbi Azərbaycana qayıdışın sülh, elm və əminamanlıq yollarla həyata keçiriləcəyinə inamını ifadə edib.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov çıxışında Novruz bayramının tarixi köklərinə nəzər salaraq, onun milli-mənəvi dəyərlər sistemindəki rolunu şərh edib. O, müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin bu milli bayramın daha geniş miqyasda qeyd olunması üçün gördüyü işlərdən danışmış, Novruzun xalqımızın təbiətə, insana və humanizm prinsiplərinə bağlılığının simvolu olduğunu vurğulayıb.
AMEA-nın Folklor üzrə Elmi Şurasının sədr müavini Mahmud Allahmanlı Novruz bayramı münasibətilə iştirakçıları təbrik edərək, bu bayramın Azərbaycan xalqının birlik və həmrəylik rəmzi olduğunu, onun folklor və mədəniyyətimizdə dərin iz buraxdığını qeyd edib.
Tədbir bayram konserti ilə yekunlaşıb