AZ

Arif Babayev: sənətin də, söhbətin də arifi

“Xalq qəzeti” ilə “Ulduz” ədəbi-bədii jurnalının “Xalq qəzeti” TV ilə yayımlanan və qəzetdə təqdim edilən “Ayrı söhbət” layihəsinin növbəti qonağı görkəmli xanəndə, Xalq artisti Arif Babayevdir.

“Ulduz”un baş redaktoru Qulu Ağsəs ustad sənətkar, musiqi professoru Arif Babayevlə söhbəti onun evində aparıb. “Xalq qəzeti” TV-də efirə getmiş həmin söhbəti təqdim edirik.

– Arif müəllim, xoş gördük, necəsiniz?

– Xoş gəlmisiniz. Səsim biraz zəifləyib, qalan hər şey yaxşıdır. Çox şad oldum gəlişinizə.

– Sizin səsiniz yaddaşımızda musiqi möhürü kimi həkk olunub. Heç nə sizin səsinizə xələl gətirə bilməz.

– Səsi gərək qoruyasan, külək, soyuq hava ona pis təsir edir. Konsert zamanı soyuq olanda xırıltı yaranır və bu da çətinlik törədir. Ona görə də xanəndəlik çox çətin sənət sayılır. Uzun illərdir mən buna şahidəm, çox çətindir.

– Siz ömrünüzü idmançı kimi yaşamısınız. Necə ki, idmançı öz formasını qoruyur, siz də səsinizi saxlamaq üçün sağlam həyat sürmüsünüz. Nə gəldi yeməmisiniz, vaxtında yatıb-durmusunuz, səsinizə qulluq etmisiniz.

– Dedikləriniz tamamilə doğrudur, səsi səhnədə əsgər kimi qorumaq lazımdır.

– Arif müəllim, deyirlər, siz səsi peşəkarlıqdan üstün tutursunuz.

– Səs Allah vergisidir, o, təkcə sənin yox, həm də xalqın, tamaşaçınındır. Peşəkarlığı məktəbdə öyrənmək olur, amma səs ya var, ya yoxdur. Onu qorumaq, sənətə çevirmək gərəkdir.

– Siz xalq mahnılarının, muğamların və bəstəkar nəğmələrinin mahir ifaçısısız. Hansısa bir məclisdə sizdən aşıq havası oxumağı istəyən olubmu?

– Bəli, həm də çox oxumuşam. Saz yaxşı çalınanda, mən də oxuyanda, sanki, özümlə danışıram.

– Operada aşıq rolu da oynayanda, yəqin oxumusunuz da...

– Bəli, baş rollardan biri olan Aşıq Qəribi oynamışam və aşıq kimi oxumuşam.

– Sizi ağırtaxtalı sənətkar kimi tanıyırlar. Həm müəllimlər, həm də tələbələr, sanki, sizdən çəkinirlər. Azərbaycanın ilk muğam professoru və kafedra müdirisiniz. Bu, sizin xarakterinizi daha da ciddiləşdirib. Nizam-intizamlı, sözübütöv insansınız. Sizi operadan başqa yerdə təsəvvür edə bilmirik. Aktyorluq və Arif Babayev necə uyuşur?

– Operalarda çox oynamışam. Üzeyir bəyin əsərləri həmişə cavandır. O yaşayıb və daim yaşayacaq. Bu operalar həm də xanəndəni aktyora çevirir. Səhnədə rol aparmaq ayrı, oxumaq isə başqa olsa da, gərək onları birləşdirməyi bacarasan.

– Məcnun rolunu oynamaq bu baxımdan çətindir. Çünki bunun üçün aktyorluq bacarığı lazımdır.

– Əlbəttə, öyrənmək lazımdır. Uzun illərdir operadayam. Səhnədə necə olmaq, xanəndə kimi necə oxumaq lazımdır, çox gözəl bilirəm. Bunu tələbələrimə də öyrətmişəm.

– Bəzən deyirlər ki, əvvəlki səslər indi yoxdur. Xüsusilə Qarabağ səsləri. İndi, şükürlər olsun, Qarabağ qayıdıb. Sizcə, yenidən o səsləri eşidəcəyikmi? Əbülfəzin, Qədirin, Arifin, Səxavətin, Şahmalının səsləri kimi... Yəni, torpaq, hava, su səsin yaranmasında vacibdir...

– Niyə də olmasın? Həyatı bilmək olmaz. Deyirlər ki, bəzi səslər əvəzsizdir. Ancaq gözəl ifa edən, yaradıcılıqla məşğul olan, gələcəyin xanəndəsi cavanlarımız olub, olacaq da. Hazırda elə cavan uşaqlarımız var ki, onlar tamaşaçılar tərəfindən xanəndə kimi sevilirlər.

– Qarabağa getdiniz. Xəyalınızdakı Ağdam, doğulub-böyüdüyünüz Sarınacılı və gedib gördüyünüz yerlər sizdə necə hisslər yaratdı? TV verilişində sizin səfərinizə baxdım və gördüm ki, siz ermənilərin törətdiyi vəhşiliyi, barbarlığı bu dərəcədə təsəvvür etmirmişsiniz.

– Bəli, doğulduğum yerdir Ağdam. Lənətə gəlmiş ermənilər işğal etmişdilər torpağımızı. Ürəyimiz dağlanmışdı. Mən həmişə fikirləşirdim ki, torpaqlarımız alınacaq. Çox şükür ki, dövlət başçımız İlham Əliyevin müdrik siyasəti sayəsində torpaqlarımız işğaldan azad olundu, insanlarımız sevindi və mən bunu görə bildim. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, ordumuza isə güc-qüvvət versin. Biz onların sayəsində öz torpaqlarımızda rahat gəzə bilirik. Neyləyək, erməni viran qoyub, biz ondan da yaxşısını tikirik.

– Uzun illərdən sonra Şuşaya şənliyə getdiniz. Sizcə, Şuşa çox dəyişibmi?

– Quldurlar, qarətçilər Şuşanı da xeyli dağıdıblar. Şükürlər olsun ki, artıq yenidən tikilir və Şuşa daha gözəl şəhər olacaq.

– Bu yaşda evdə öz-özünüzə zümzümə edirsinizmi?

– Bəli, hərdən segahlardan zümzümə edirəm. Elə şeylər olur ki, onu məşq edirəm. Məsələn muğamı, onun şöbələrini yadıma salıram. İstəyirəm ki, bildiklərimi ömrümün axırına kimi tələbələrə çatdırım. Mən bunlarla təsəlli tapıram, sevinirəm.

– Sizi bütün tələbələriniz sevir. Bəs, Arif Babayevin sevdiyi tələbələri kimlərdir?

– Bütün tələbələrimi sevirəm, onlara fərq qoymuram. Onların gözəl səsləri var.

– Görsəniz ki, bir nəfər sizin kimi oxuyur...

– Ola bilər, buna yalnız sevinərəm. O, Arif Babayevi yaşadar. Amma xanəndə sənətə başlayanda kimisə təqlid etsə də, sonra o öz yolu ilə getməlidir.

– Ağdam şəhəri tikildikdən sonra orada Arif Babayev adına musiqi məktəbi açılmağını eşitsəniz...

– Allah Prezidentimizin canını sağ eləsin. Orada böyük işlər görülür, muğam mərkəzi də tikilir. Bəli, çox istərdim ki, belə bir təşəbbüs olsun. Ömrümün 80 ilini bu sənətə sərf eləmişəm. Əlbəttə, istəyirəm ki, həyatımı dəyişdikdən sonra, xalqım, musiqisevərlər məni unutmasınlar.

– İnternetlə aranız necədir? Sosial şəbəkələrdən istifadə edirsinizmi?

– Arada vaxt edəndə “YouTube” kanallarına baxıram, ancaq başqa sosial şəbəkədən istifadə etmirəm.

– Bilirsiniz ki, süni intellektlə insan da yaradırlar – robot danışır, hətta robot şeir yazır, mahnı bəstələyir. Yüz il sonra ola bilərmi ki, muğamlarımızı robotlar ifa etsin?

– O barədə məlumatım yoxdur, ola bilsin ki, belə bir ifa yaratsınlar.

– Arif müəllim, siz 16-cı mərtəbədə yaşayırsınız, bəs, sənətin neçənci mərtəbəsindəsiniz?

– Orada muğam yoxdur, orada mən özüm yaşayıram. Dostlarım, yoldaşlarım və tələbələrim gəlir, məni ziyarət edirlər. Sağ olsunlar, çox razıyam. Yaxşı tələbələrim var. Onlardan biri – Səbuhi İbayev Qarabağ Universitetinin vokal və muğam kafedrasının müdiri təyin olunub. Zəng vurub təbrik elədim. Digərləri də var, adlarını yaxşı xatırlamıram.

– Sizə necə, Qarabağ Universitetindən dəvət gəlsə, gedərsinizmi?

– Onu gələcək göstərər. Sağ olsun, qədirbilən dövlətim, indiyə qədər mənə verilən dəyər var, çox razıyam. Lazım gəlsə Xankəndinə də gedərəm. Bir də ki, tələbəm ordadırsa, mən də ordayam, sənətim ordadır.

– Vikipediyada sizin tərcümeyi-halınıza baxıram, gənc ikən fəxri adlar almısınız – Əməkdar artist və Xalq artisti, professor... Demək olar ki, dövlət tərəfindən əksər ordenlərlə, medallarla təltif olunmusunuz. Amma aydın məsələdir ki, Arif Babayevin çətin, ağır günləri də olub.

– Həyatın çətin günləri olduğu kimi, xoş günləri də var. Niyə gileylənim? Qarabağ yenidən qurulur, çox sevinirəm, alqışlayıram.

– Ağdamda sizə ev verilsəydi...

– Mənim Ağdamda evim var idi. İndi niyə olmasın.

– Ağdam alınandan sonra mən “Ağam!.. Adam!.. Ağdam!..” adlı şeirimi yazdım. Ağdamlı müğənnilər, xanəndələr, dirijor Əyyub Quliyev, ağdamlı Seyid və digərləri o şeiri səsləndirmişdilər. İstəyirəm sizin üçün də oxuyum.

– Oxu.

– “Sən öl”ü, “sağ ol”u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan – şəhərim!..
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!..

– Çox sağ olun, gözəl yazmısınız.

– Pandemiya vaxtı AzTV-də bu barədə veriliş çəkəndə sizi tapa bilmədik. İstərdim ki, bir gün gəlib sizi çəksinlər və o şeirdən 2 bənd də olsa səsləndirəsiniz.

– Baş üstə!

– Bir gün “Moskva” qəzeti Rəşid Behbudovdan müsahibə alırmış. Sual olunur ki, Rəşid müəllim, siz SSRİ Xalq artistisiniz, fəxri adlarınız var. Həyatınızda necə, narazı olduğunuz nə isə varmı? O da bu sualın qəsdən verildiyini düşünür. Deyir ki, mən hər şeydən razıyam. Müxbir əl çəkməyib dirəşəndə sənətkar deyir: Bəli, narazıyam, o da boyumun qısa olmasıdır. Sizin isə boyunuz, maşallah, ucadır. Amma yenə də, narazı olduğunuz nə isə varmı?

– Var. Elə muğamlarımız var ki, düşünürəm, kaş bunu başqa cür ifa edəydim.

– İfa etmədiyiniz üçün təəssüfləndiyiniz mahnı varmı?

– O qədər xalq mahnıları var ki... “Segah” üstündə xalq mahnıları var. Gərək işlənsin, oxunsun.

– Hazırda mahnı bəstələyirsinizmi?

– Bəli, bəstəkarlıq iddiasında olmasam da, mahnılarımı ifa ediblər, indi də xalq mahnıları kimi yaşadılır. Qoy, oxusunlar, yaşasın, mən də dinləyim.

– Bu yaşda eviniz həm də iş yerinizdir. İndi nəsə ifa edə bilərsinizmi?

– Bağışlayın, bunun üçün səhhətim yaxşı olmalıdır. Hələ ki, mümkün deyil.

Segah üstə bir çox mahnılarım var: “Bəh-Bəh”, “Gül açdı”, “Apardı sellər Saranı”, “Gəlmədi” və s. Hazırda tələbələrim də onları ifa edir. Dinləyirəm. Baxıram, sevinirəm.

– Bəlkə, yeni bəstələrinizdən də verəsiniz, oxusunlar.

– Əlbəttə, verirəm, oxuyurlar.

– İndiyə qədər sizi tarda ən yaxşı müşayiət edən, sözsüz anlayan kim olub?

– Sərvər İbrahimov, Həsən Dadaşov. Onlarla uzun müddət işləmişəm.

– Bir dəfə demişdiniz ki, indiki tarzənlər arada mahnını çox uzadırlar. Belələri ifaçını çaşdırırlar, yorurlar...

– O olmamalıdır. Bəli, müşayiət etmək çox çətindir. Bəzi xanəndələr də oxuyanda tarzənlərə müdaxilə edirlər. Hər şeyin öz yeri var. Adlarını çəkməsəm də, gənc tarzənlərimiz, ifaçılarımız var ki, onlar gələcəyin böyük sənətkarı olacaqlar, adları tarixə düşəcək.

– Arif müəllim, xanəndələrdən kimə həvəslə qulaq asırsınız?

– Hamıya qulaq asıram. Xüsusən Cabbara, Seyidə, Xan Şuşinskiyə... Allah hamısına rəhmət eləsin! Cavanlarımızdan da yaxşı xanəndələrimiz var. Yaxşı oxuyurlar.

– “Ayrı söhbət” verilişinin qonaqları sonda XQ-yə hədiyyə verirlər. Haqqımda yazılan kitablar var. Mən də onlardan birini öz imzamla sizə hədiyyə edirəm.

– Arif müəllim, çox sağ olun ki, bizə kifayət qədər vaxt ayırdınız.

– Siz də çox sağ olun ki, gəldiniz. Səhhətimdə narahatlıq olsa da sizi görməyimə çox şad oldum.

– Bir daha təşəkkür edirik.

Söhbəti apardı:
Qulu AĞSƏS,
şair-publisist,
“Ulduz” jurnalının baş redaktoru

Seçilən
1
xalqqazeti.az

1Mənbələr