AZ

Naxçıvanda Novruz şənlikləri

Əsrlərdən bəri hər il Novruz şənliklərinin şahidi olmuş qədim Naxçıvan builki İlaxır çərşənbəsini “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində Bahar festivalı ilə qarşılayıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri festivalın açılışında iştirak ediblər.

Milli geyimli “Bahar qız” bayram münasibətilə iştirakçılara təbriklərini çatdırıb, festivalı açıq elan edib. El ağsaqqalı Dədə Qorqud baharın gəlişi münasibətilə xeyir-dua verib, bayram tonqalını alovlandırıb.

“Şərur” Xalq Yallı Ansamblı tərəfindən milli rəqslərimizindən ibarət bədii kompozisiya təqdim olunub, Naxçıvan Dövlət Uşaq Teatrının aktyorları Novruz bayramının milli atributlarından sayılan “Kosa və keçəl” səhnəciyini, Naxçıvan Dövlət Kukla Teatrının kollektivi isə “Saçları səməni oğlan” tamaşasını nümayiş etdirib. Festivalda muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən ictimai-iaşə xidməti də təşkil edilib.

Fuad Nəcəfli sakinləri bayram münasibətilə təbrik edərək bildirib ki, xalqımızın milli dəyərləri içərisində xüsusi yeri olan Novruz bayramı ölkəmizdə iqtisadi yüksəlişlə həmahəng qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız Novruzu sabitlik, inkişaf və rifah şəraitində qarşılayır.

Bahar festivalı Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs nömrələri və Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədovanın ifaları ilə davam edib.

Qədim diyarda Bahar festivalı martın 23-dək davam edəcək.

***

Həmin gün Ordubad şəhərində yerləşən XVII əsrə aid Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət, hökumət və ictimaiyyət nümayəndələri açılış mərasimdə iştirak ediblər.

“Qurani-Kərim”dən ayələr oxunduqdan sonra Fuad Nəcəfli Cümə məscidinin istifadəyə verilməsi, Novruz və Ramazan bayramları münasibətilə rayon ictimaiyyətini təbrik edib, məscidə “Qurani-Kərim” hədiyyə edib. O bu əlamətdar hadisənin sülhün, əmin-amanlığın təmin olunması naminə dövlətə, dövlətçiliyə xidmət edəcəyini vurğulayıb.

Axund Yusif Rüstəmov Cümə məscidinin təmir-bərpadan sonra istifadəyə verilməsini rayonun ictimai həyatında mühüm tarixi hadisə kimi dəyərləndirib, qarşıdan gələn Novruz, Ramazan bayramları münasibətilə təbriklərini çatdırıb.

Rayon ağsaqqalı Fərrux Nağızadə məscidin bərpasına görə rayon ziyalıları adından minnətdarlıq edib.

Səbuhi HƏSƏNOV,
XQ
Naxçıvan

Seçilən
7
xalqqazeti.az

1Mənbələr