1994-cü il martın 19-da Bakı metropoliteninin “20 Yanvar” stansiyasında erməni terrorçuları tərəfindən törədilən terror aktından 31 il keçir.
Törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Xalq artisti Rafiq Babayev də olub.
Qızı Gülarə Babayeva həmin günü belə xatırlayır:
“Metroda terror baş verməsi xəbəri ildırım sürətilə yayılmışdı. Atam həmin gün səsyazma studiyasına, sonra Mahnı Teatrına getməli idi. Axşamüstü onu Mahnı Teatrından axtarmağa başlamışdılar. Bakıda böyük faciə baş vermişdi, bütün şəhər ayaqda idi, hamı narahat olmuşdu. Ağlımıza gəmirdi ki, atamız da o qatarda ola bilər, amma vaxt keçdikcə narahatlıq pik həddə çatırdı. Bacımın yoldaşı morqları axtarmağa başladı. Bir şey olan kimi bayıra qaçırdıq. Hər xəbərə hazır idik, bircə buna yox. Səs eşidən kimi hamımız bayıra çıxdıq, mərhum kürəkənimiz həkim idi, atamla çox doğma münasibətləri vardı. Onu görən kimi hər şeyi başa düşdüm. Çiyinləri sallanmışdı, gözlərindən yaş axırdı”.
Digər qızı Fərizə Babayeva:
“Mənim onda 26 yaşım vardı. Uşaqlarım çox kiçik olduğundan onlarla anamgildə qalırdım, anam mənə kömək edirdi. Bəzən atam da kömək edirdi. Çünki o, mənim uşaqlarımı dəhşətli dərəcədə çox sevirdi. Atam həmişə arzulayıb ki, onun bir oğlu olsun, amma olmayıb.
Mənim oğlum olanda o, Macarıstanda qastrolda idi. Deyirdilər ki, xəbəri eşidəndə o qədər sevinirdi, sanki nəvəsi yox, oğlu doğulmuşdu. Orda hamıya qonaqlıq vermişdi. Sonra təyyarədən birbaşa doğum evinə onu görməyə gəlmişdi. Oğlumun iki yaşı olanda, yeriməyə başlayanda atam onu artıq maşına əyləşdirib özü ilə konsertlərinə aparırdı. Atam dünyasını dəyişən gün biz hər gün olduğu kimi onu işə yola saldıq. Axşama yaxın isə onun ölüm xəbərini aldıq” (ağlayır).
Məhkəmə orqanları metrostansiyada törədilmiş terror aksiyasının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.
“Sadval” separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi Təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib.
İstintaq zamanı müəyyən edilib ki, təxribatçılar təlimata uyğun olaraq “20 Yanvar” stansiyası ilə yanaşı, Bakının “Nizami” kinoteatrında, Respublika Sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.
“20 Yanvar” metrostansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.
Musavat.com