AZ

İtkin şəhidin qardaşı: 33 ildən sonra qardaşımızı adına layiq şəkildə dəfn etdik

Bakı, 19 mart, AZƏRTAC

“Qardaşımla sonuncu dəfə mən danışmışam. Onları üçaylıq təlimə cəlb etmişdilər. Təlim bitəndən sonra evə zəng edib dedi ki, artıq cəbhəyə gedirik”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında bu gün dəfn edilən Birinci Qarabağ müharibəsi şəhidi Atakişi Atayevin şəhidin kiçik qardaşı Fəxrəddin Atayev deyib.

F.Atayevin sözlərinə görə, qardaşı mexanika-riyaziyyat fakültəsini bitirib, hərbi xidmət dövründə isə tankçı olub: "Onun fikri hərbidə qalmaq idi. Ermənilərin ölkəmizə qarşı ərazi iddiaları başlayanda 31 yaşında ordu sıralarına çağırıldı. Aeroportları qoruyan "Şılka" adlandırılan hərbi maşın var, dördlüləli tankdır. Atakişi Azərbaycanda həmin tankı idarə edən nadir mütəxəssislərdən idi. Ona görə də qardaşımı döyüşlərə çağırdılar. Son döyüş yeri əvvəl Ağdamın, indi isə Xocalının inzibati ərazi bölgüsünə daxil olan Naxçıvanlı, Şelli ərazisi olub. Döyüş yoldaşları onun sadəcə başından qəlpə yarası aldığını deyirlər. Sonradan iz itirildiyinə görə tapa bilmədik. Sən demə onu Goranboyda naməlum əsgər kimi dəfn ediblər. Torpaqlarımız işğaldan azad edildikdən sonra qardaşımızdan xəbər alacağımıza ümidləndik. Şükürlər olsun ki, uzun illərdən sonra qardaşımızdan xəbər ala bildik.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bizə zəng etdilər, DNT analizi aparıldı və naməlum əsgərin qardaşımız Atakişi olduğu məlum oldu. 33 ildən sonra biz qardaşımızı adına layiq şəkildə dəfn etdik".

Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin itkin şəhidi Atakişi Qəhrəman oğlu Atayev bu gün paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Seçilən
5
1
azertag.az

2Mənbələr