İstanbulun "Fənərbağça" klubunun rəhbərliyi Türkiyə Futbol Federasiyasına etiraz məktubu ünvanlayacaq.

Offsideplus.az xəbər verir ki, buna səbəb Türkiyə Superliqası çərçivəsində "Bodrumspor"la səfər öncəsi heyətdə yaranan problemdir.

Belə ki, "Fənərbağça" milli komandalara çağırılan futbolçularla əlaqədar martın 28-də keçirilməsi nəzərdə tutulan görüşə tam heyətlə yollana bilməyəcək.

"Sarı-lacivərdlilər"i əsasən 2 futbolçu - Youseff En-Nesri və Sofyan Amrabatla bağlı durum naraht edir. Adıçəkilən futbolçular Mərakeş yığmasının tərkibində martın 25-də gecə saatlarında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Tanzaniyaya qarşı çıxış edəcəklər. Oyundan dərhal sonra Türkiyəyə qayıtmalı olan En-Nesri və Amrabat cəmi 1 məşqdə iştirak edib martın 27-də İstanbuldan Bodruma yollanmalıdırlar.

Futbolçuların "Bodrumspor"la oyuna tam hazır olmayacağını əsas gətirən "Fənərbağça" matçın martın 28-dən 29-na keçirilməsini istəyir. 

Qeyd edək ki, eyni üsula br neçə gün öncə "Barselona" da əl atmışdı. "Osasuna" ilə qarşılaşmanın martın 27-nə təyin edilməsindən sonra kataloniyalılar ölkə futbol federasiyasına etirazlarını bildirmişdilər.