“Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatında Xalq yazıçısı Kamal Abdulla çıxışı zamanı bildirdib ki, qəbul imtahanlarında dil ilə nitqin nəzəri məsələlərinin qoyulmasına ehtiyac var.
Bəs qəbul imtahanlarında bu tip yeniliklərə ehtiyac varmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, imtahanda dil və nitqin nəzəri məsələlərinin qoyulmasına nə qədər ehtiyac olduğu bir qədər mübahisəli məsələdir:
"Biz sadəcə qəbulu həyata keçiririk. Ondan sonrakı dövr üçün abituriyent özü tələbə olduqdan sonra seçəcək ki, o, özünü necə inkişaf etdirsin. Məsələn, bu abituriyent gələcəyin fiziki, riyaziyyatçısı olacaqsa, bu halda belə bir prosesə gərək yoxdur. Amma ümumi Azərbaycan dilinin mənimsənilməsi heç bir tələbəyə ziyan gətirməz".
Ekspert qeyd etdi k, seçim abituriyentin dünyaya baxış məsələsinə bağlıdır.
"Özünü digər sahələrdə inkişaf etdirmək istərsə, məsələn, humanitar sahələrə yönələcəksə, ona mütləq dil biliklərinin artırılması, nəzəri məsələlərin artırılması vacib olacaq. Ümumilikdə düşünürəm ki, qəbul qaydaları sadələşdirilməlidir, nəinki mürəkkəbləşdirilməlidir. Bu baxımdan, bu məsələlərin abituriyentlərə yük olmasını arzulamazdım", - deyə M.Məmmədli vurğuladı.
Aytəkin TOFİQQIZI