AZ

Cihan Bingöl: Rafiq Əzizin Türkiyənin Hərbi Dəniz Donanmasının tarixini əks etdirən sərgisi Türk milləti üçün böyük qürurdur

Çanaqqala, 19 mart, Günel Karatepe, AZƏRTAC

Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Türkiyədə hər kəsin böyük sevgi və hörmət bəslədiyi Rafiq Əziz kimi sənətkarın Türkiyənin Hərbi Dəniz Donanmasının tarixini əks etdirən sərgisinin açılması son dərəcə mənalıdır və Türk milləti üçün böyük qürurdur. Bu gün Mustafa Kamal Atatürk başda olmaqla, onun silahdaşlarını və Vətənimizin qorunmasında iştirak edən şəhidlərimizi bir daha rəhmət və hörmətlə anırıq. Bu Vətən qardaşlıq, can və qan bahasına, böyük fədakarlılarla qorunaraq bizə əmanət olunub. Tariximizi bizdən sonrakı nəsillər çatdırmaq isə bizim ən böyük vəzifəmizdir. Rafiq Əzizin əsərləri də bu vəzifəyə edilən ən böyük xidmətlərindəndir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Çanaqqala Gelibolu Bələdiyyəsinin sabiq sədri Cihan Bingöl deyib.

Geliboluda iki dönəm bələdiyyə başçısı vəzifəsini icra edən Cihan Bingöl sözlərinə belə davam edib: “Xidmətim müddətində dəyərli müəllimimiz Rafiq Əzizlə tanış olmaq imkanı əldə etdim. Bu, mənim üçün böyük xoşbəxtlik idi və bu gün belə bir dostum olduğu üçün qürur duyuram. Onun Geliboluda “Piri Rəis” muzeyinin yaradılması zamanı verdiyi töhfələri unutmaq mümkün deyil. Bu işdə çox zəhmət çəkdi, bizi çox şərəfləndirdi. “Piri Rəis” muzeyindəki bütün eksponatlar, tablolar, onun həyatını əks etdirən məlumatlar dəyərli müəllimimizin əlinin və beyninin məhsuludur. Təəssüf ki, bu əsərlər zamanla zərər gördü və Rafiq Əziz cəmi bir həftə ərzində əsərlərin hamısını yenidən orijinal vəziyyətinə qaytardı, bu məni çox sevindirdi. Bu, inam və peşəsinə bağlılıq məsələsidir”.

Çanaqqala savaşlarında başda azərbaycanlılar olmaqla bir çox müxtəlif xalqlarının nümayəndələrinin iştirak etdiyini xatırladan müsahibimiz deyib: “Buraya hər millətdən insanlar gəlib, bu müqəddəs torpaqlar uğrunda döyüşüb, qazilik və şəhidlik məqamına ucalıblar. Allah hamısından razı olsun və rəhmət etsin. Bildiyiniz kimi, burada Azərbaycan şəhidliyi də var. Lakin bir abidə yox idi. Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyi ilə Azərbaycan şəhidlərinin xatirəsinə abidə də ucaldıldı ki, bu da bizi çox sevindirdi. Çanaqqala uğrunda savaşan hər qəhrəmanımızın xatirəsi əbədi olaraq qəlblərimizdə yaşayacaq”.

Xatırladaq ki: Çanaqqala Dəniz Muzeyində Azərbaycanın Əməkdar incəsənət xadimi, Yedditəpə Universitetinin professoru, Türkiyənin Hərbi Dəniz Qüvvələrinin baş rəssamı Rafiq Əzizin fərdi sərgisi açılıb. Sərgi 18 Mart - Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı və Çanaqqala Dəniz Muzeyi tərəfindən təşkil olunub. Martın 18-də Türkiyənin Hərbi Dəniz Qüvvələrinin rəsmilərinin iştirakı ilə açılan sərgi aprelin 25-dək geniş ictimaiyyət üçün açıq olacaq.

Seçilən
4
azertag.az

1Mənbələr