"Pfizer Inc." Böyük Britaniyanın "Haleon" şirkətində ona məxsus olan 7,3%-lik payını 2,5 milyard funt sterlinqə (3,25 milyard dollar) satıb.
Bu barədə "MarketWatch" məlumat yayıb.
Ümumilikdə 618 milyon səhm satılıb. Qiyməti hər səhm üçün 385 pens təşkil edib ki, bu da bazarın çərşənbə axşamı bağlanış qiymətindən 1,6% aşağıdır.
Bundan əlavə, "Haleon" öz səhmlərindən 44 milyonunu "Pfizer"dən eyni qiymətə – təxminən 170 milyon funt sterlinqə geri alıb.
Qeyd edək ki, "Haleon" 2019-cu ilin iyulunda Britaniyanın GSK (GlaxoSmithKline) şirkətinin istehlak yönümlü səhiyyə biznesi ilə "Pfizer"in müvafiq bölməsinin birləşməsi nəticəsində yaradılıb.
Şirkət "Sensodyne" və "Aquafresh" diş pastaları, həmçinin "Panadol" və "Advil" kimi dərman vasitələri istehsal edir.
2022-ci ilin iyulunda "Haleon" müstəqil şirkətə çevrilərək London Birjasında listinqə daxil edilib. GSK isə 2023-cü ilin mayında şirkətdəki bütün payını satıb.