AZ

Ceyhun Sultanov: “Onlar yoxdurlarsa, yerlərinə başqa 25 futbolçu var”

“Matçın necə keçəcəyini öncədən demək çətindir”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, Azərbaycan yığmasının Haiti ilə keçiriləcəyi yoxlama görüşü öncəsi fikirlərini açıqlayıb: “Millinin heyətində yeni oyunçular var. Fikrimcə, hamısına şans verilməlidir ki, öz potensiallarını göstərə bilsinlər. Heyətə çağırılan 25 futbolçunun hər birindən istifadə etmək lazımdır. Burada önəmli olan qələbə yox, futbolçuların potensialının milli komandaya nə dərəcədə yetərli olmasını müəyyənləşdirməkdir. Yoldaşlıq görüşləri milli komandanın birlikdə olması, heyətə cəlb edilməsi futbolçulardan istifadə, komanda şəklində nəyə qadir olduğumuzu görmək, çatışmazlıqları müəyyənləşdirmək baxımından önəmlidir”.

Sultanov zədə ucbatından matçı buraxacaq futbolçuların millinin performansına ciddi təsir etməyəcəyini vurğulayıb: “Bu oyunlarda Emin Mahmudov, yaxud Abbas Hüseynovun olub-olmaması böyük önəm daşımır. Milli tək onların üzərində qurulmayıb. Bu gün onlar yoxdurlarsa, yerlərinə başqa 25 futbolçu var. Məncə, zədəlilərin yoxluğu böyük problem yaratmayacaq”.

Sultanov Belarus ilə keçiriləcək yoxlama görüşünə də proqnoz verməyib: “Hər iki qarşılaşmadakı qələbə şanslarını şərh etmək istəməzdim, çünki yoxlama oyunudur. Belə görüşlərdə də nəticə o qədər də önəmli deyil. Əsas məsələ futbolçuların meydanda nə edəcəyi, oyun üslubu, məşqçinin istəklərini görməkdir. Düzdür, qələbə həmişə lazımdır, ancaq 25 futbolçunu bir tərəfə qoyub, 11 futbolçuya köklənmək düzgün yanaşma olmaz”.

Qeyd edək ki, millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, üç gün sonra Bank Respublika Arenada Belarusla üz-üzə gələcək.

Aytac Sahəd
İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr