AZ

Vaqif Mustafazadənin ulduzu

“Sea Breeze Walk of Fame” Şöhrət xiyabanı dünyaşöhrətli Azərbaycan bəstəkarı, XX əsrin görkəmli caz pianoçusu, Azərbaycan SSR-in Əməkdar artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin ulduzu ilə zənginləşib.

Vaqif Mustafazadənin ulduzunun açılış mərasimində Azərbaycanın Xalq artisti Emin Ağalarovun müşayiəti ilə Azərbaycanın Xalq artisti Əzizə Mustafazadə və oğlu Ramiz Xan iştirak ediblər.

Mərasimi açan Vaqif Mustafazadənin qızı bildirib ki, atasının “18-ci” adlı bəstəsi var və onun dəfn günü də dekabrın 18-nə təsadüf edir. Musiqiçinin nəvəsi Ramiz Xan da ayın 18-də anadan olub.

“Günlərin möhtəşəm şəkildə üst-üstə düşməsidir, elə deyilmi? –deyə Əzizə Mustafazadə toplaşanlara müraciət edib. O əlavə edib: “Yaradana şükürlər olsun ki, bu gün də belə bir gözəl gündür. Böyük Vaqifi dəyərləndirən hər kəsə təşəkkür edirəm. İndi onun ruhu şaddır. Buraya gələn hər kəsə minnətdaram. Onu sevən hər kəsə təşəkkür edirəm”.

Mərasimdə fəxri qonaqlar arasında Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq artisti, AMEA-nın akademiki və uzun illər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru olmuş Ömər Eldarov, Azərbaycanın Xalq artisti, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədov, Azərbaycan Respublikasının Xalq artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin keçmiş bədii rəhbəri və dirijoru Teymur Göyçayev, Azərbaycanın Əməkdar artisti, pianoçu və bəstəkar İsfar Sarabski və başqaları olublar.

Fərhad Bədəlbəyli belə bir əlamətdar tədbirdə - Vaqif Mustafazadənin ulduzunun açılışında iştirak etməsindən çox xoşbəxt olduğunu etiraf edib: “İstərdim ki, Vaqifin adı böyük sevgi ilə qarşılansın. Bu sevgini qazanan Vaqif xalqın əsl oğludur. Onun “azərbaycançılığı” ürəkdən, barmaqlardan gəlir. O, böyük musiqiçi idi!”

Fərhad Bədəlbəyli daha sonra Əzizə Mustafazadəni uğurlu konserti münasibətilə təbrik edib: “Bu konsertin taleyi heyrətamizdir. Vaqifin onu ifa etməyə vaxtı yox idi. Bir dəfə onunla “Torqovaya” küçəsində görüşdük və dedi ki, həmin konserti ifa etməyimi istəyir. Konserti özünün ifa etməli olduğu fikrimə isə Vaqif cavab verdi ki, onu pianoçuların ifa etməsini istəyirəm. O, bunu niyə söyləyirdi? Çünki Vaqifin özünün Bəstəkarlar İttifaqına qəbul edilməməsi onu həqiqətən də üzmüşdü. Bu konserti Emil Əfrasiyab gözəl ifa edib. Vyanada, Moskvada, Vilnüsdə özüm də ifa etmişəm. Bu gözəl əsər həmişə böyük uğur qazanıb. Vaqif Bəstəkarlar İttifaqına üzv olmasa da, musiqisi səslənir. Həm də o vaxt Bəstəkarlar İttifaqına qəbul olunanlardan fərqli olaraq. Onların musiqisi heç vaxt səslənmir, çünki ölüdür. İstəyirəm ki, Vaqifin musiqisi həmişə səslənsin”.

Çıxışının sonunda Fərhad Bədəlbəyli Emin Ağalarova təşəkkür edərək deyib: “Şöhrət xiyabanındakı adlar arasında indi mənim iki dostum var - Müslüm və Vaqif. Dostlarım gedir, amma parlaq iz qoyurlar. Bizim nəsil keçəcək, amma mən istəyirəm ki, Vaqifə olan sevgi davam etsin. Yaşasın Vaqif!”.

Ulduzun təntənəli açılışından sonra Əzizə Mustafazadə Emin Ağalarova müraciət edib: “Sizə ürəkdən təşəkkür edirəm! Bu, mənim üçün çox şey deməkdir”.

Sonra Əzizə Mustafazadənin oğlu Ramiz Xan jurnalistlərin suallarını cavablandırıb. Gənc ifaçının sözlərinə görə, o, babası kimi görkəmli musiqiçi olmaq arzusundadır: “O, musiqiçilərin ən yaxşısı idi. Onun musiqisi məni ruhlandırır - çox gözəl və nikbindir”.

Ramiz Xan gənc yaşına baxmayaraq, artıq məşhur olan anası ilə səhnədə inamla çıxış edir. Üstəlik, oğlan təkcə pianoda ustalıqla çalmır, həm də qeyri-adi istedad nümayiş etdirərək özü musiqi bəstələyir. O, artıq ciddi həmmüəllif kimi özünü təsdiq edib. Ramizin bəstələri Əzizə Mustafazadənin “Nəsillər” albomuna daxil edilib ki, bu da onun yaradıcılıq qabiliyyətinin peşəkar səviyyədə tanınmasından xəbər verir. Yeri gəlmişkən, Əzizənin dediyinə görə, o, oğlu ilə çoxlu duet ifa edir.

Məşhur azərbaycanlı xanım xüsusi xoş sözlərlə Vaqif Mustafazadənin abidəsini yaradan Azərbaycanın Xalq rəssamı Ömər Eldarova təşəkkür edib: “Ömər onu fotoşəkildən yaradıb. Heykəltəraş o zaman mənə dedi ki, onu şəxsən tanımırdı, amma buna baxmayaraq, əsərində Vaqifi dəqiq yaratmağa çalışacaq. Düşünürəm ki, o, bu işində çox uğurlu olub”.

Tədbirin sonunda qonaqları kiçik bir sürpriz gözləyirdi: gənc Ramiz Xan və Əzizə Mustafazadə özləri ulu babalarının və atalarının ən məşhur bəstələrini ifa ediblər. İştirak edən qonaqlar əfsanəvi cazmenin nəslinin virtuoz ifasını böyük həvəslə qarşılayıblar.

Qeyd edək ki, "Sea Breeze Walk of Fame” Şöhrət xiyabanı Azərbaycanda dünyanın hər yerindən görkəmli və məşhur musiqiçilər, aktyorlar və rəssamlara həsr olunmuş ilk belə layihədir. Xiyabanda artıq Müslüm Maqomayev, Tamara Sinyavskaya, Nani Breqvadze, Engelbert Hamperdink və Alessandro Safinanın ulduzları nümayiş etdirilir.

Seçilən
17
anspress.com

1Mənbələr