AZ

Bakıda “üstü bəzək, altı təzək” binadan qopan daşlar sakinlərə zərər vurur - VİDEO - FOTO

Paytaxtın bir sıra ərazilərdə binaların vəziyyəti sakinlərin narahatlığına səbəb olur. Şəhərin mərkəzində, eləcə də mərkəzdən kənar kənd və qəsəbələrdə yararsız hala gəlmiş, yaşanması mümkün olmayan binalarla bağlı uzun illərdir hansısa yenilik müşahidə edilmir.

Avtosfer.az xəbər verir ki, analoji hal Bakının Yasamal rayonunda yerləşən bəzi dövlətin və qurumların balansında olan binalarda da yaranıb.

Belə ki, rayonun İnşaatçılar prospekti 40 ünvanında yerləşən binanın fasadındakı acınacaqlı durum sakinlərin ərazidən qorxu içində istifadəsinə gətirib çıxarıb. İstismar müddətini başa vuran beşmərtəbəli binann damından, eləcə də damın altındakı fasada bitişik bəzək daşları qopub aşağı düşür.

Bununla yanaşı, eyvanların altındakı daşlar ötən ay paytaxtda yağan qardan sonra nəmləndiyi üçün binanın fasadından sürüşüb qopur. Qonşu 42 nömrəli bina ilə birləşmədəki arkada da vəziyyət eynidir.

Sakinlər deyir ki, artıq uzun illərdir yaranan vəziyyətlə bağlı müraciətlər etsələr də, heç bir qurum reaksiya vermir. Axırıncı dəfə bir müddət əvvəl COP29 tədbirinə görə ümumilikdə prospektdə binaların üzünə boya çəkdilər, məhəlləyə baxan tərəfdə isə vəziyyət bərbad olaraq qaldı. Bir növ “üstü bəzək, altım təzək” binaya çevrildi.

Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən əldə etdiyimiz məlumata əsasən bina Müdafiə Nazirliyinin balansındadır. Nazirliyə məsələ ilə bağlı sorğu göndərdik, problemin araşdırılacağını və ictimaiyyətə bu barədə açıqlama veriləcəyini bildirdilər.

Səfər

Seçilən
29
avtosfer.az

1Mənbələr