AZ

İşğaldan azad torpaqlarda alovlanan Novruz tonqalları milli həmrəyliyin və qürurun rəmzidir ŞƏRH

Bakı, 19 mart, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsindən sonra hər il Novruz bayramı ərəfəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərimizə səfər edirlər. Artıq bu, xoş bir ənənə halını alıb. Budəfəki Novruz bayramı ərəfəsində, İlaxır çərşənbəsində dövlətimizin başçısı və birinci xanım Ağdərə rayonunun Suqovuşan və Həsənriz kəndində olub, doğma yurdlarına qayıdan sakinlərlə görüşüblər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırmaları xalqımızın bayram sevincinə əlavə sevinc qatıb. Məlumdur ki, biz otuz il ərzində təcavüzkar Ermənistanın işğalı səbəbindən Azərbaycanın ərazisinin 20 faizini təşkil edən regionlarımızda bayram tonqalları alovlandıra bilmirdik. Amma xalqımızın qəlbində mənfur düşmənin nəzarətində qalan torpaqlarımıza sonsuz bağlılıq var idi. Otuz il ərzində xalqımıza, dövlətimizə, Prezidentimizə müxtəlif dairələrdən böyük təzyiqlər göstərildi. Bizi işğalla, torpaqlarımızın yad əllərdə olması faktı ilə barışmağa sövq etməyə çalışırdılar. Barışmadıq, dövlət və xalq olaraq təzyiqlərə baş əymədik, yurd yerlərimizə qayıdacağımıza inandıq. Prezident İlham Əliyevin işğal faktına gec-tez, istənilən yolla son qoyulacağına əminlik ifadə etməsi bu inamı möhkəmləndirirdi. Müqəddəs arzumuza 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində əldə olunan qələbələr sayəsində çatdıq. İndi Azərbaycanın bütün torpaqları azaddır, bütün ərazilərimizdə aylı-ulduzlu bayrağımız əzəmətlə dalğalanır.

Deputatın sözlərinə görə, artıq bayram tonqalları ölkəmizin bütün regionlarında alovlandırılır. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad ərazilərimizdə ilk Novruz tonqalını Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 2021-ci il martın 20-də Şuşada Cıdır düzündə alovlandırıblar. İşğaldan azad olunmuş ərazilərdə ilk Novruz tonqalının Şuşada alovlandırılması böyük rəmzi məna daşıyırdı. Şuşadan sonra işğaldan azad edilmiş ərazilərdə Novruz tonqalları 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə isə Xankəndidə alovlandırılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2025-ci ilin Novruz tonqalını yeni ünvanda - Ağdərənin Həsənriz kəndində alovlandırdılar. Bu, postmüharibə mərhələsində işğaldan azad olunmuş ərazilərimizdə alovlandırlan sayca beşinci tonqaldır. İnanırıq ki, bütün torpaqlarımızda bayram tonqalları əbədi yanacaq.

“Hazırda dünyanın mənzərəsi bir çox cəhətdən təzadlıdır. Ədalət, beynəlxalq hüquq bir sıra hallarda arxa plana keçirilir, ikili standartlar, selektiv yanaşmalar önə çəkilir. Belə bir şəraitdə xalqlar, ölkələr öz həqiqətlərini təsdiqləmək, milli maraqlarını qorumaq üçün güclü olmalıdırlar. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Suqovuşanda kənd sakinləri ilə görüşdə diqqəti dünyada gedən proseslərə çəkib. Sirr deyil ki, indi beynəlxalq miqyasda müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alıb. Müşahidə edilən reallıq ondan ibarətdir ki, heç də hər bir ölkə ədalətli maraqlarını özü təmin edə bilmir. Xalqlar vətənlərinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxırlar, vuruşurlar, şəhidlər verirlər. Bununla belə, haqları çatan nəticəni əldə edə bilmirlər, uğurları yarımçıq, cüzi olur. Azərbaycan isə 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı qələbələrlə dünyaya yeni bir nümunə təqdim etdi”, - deyən Pərvin Kərimzadə əlavə edib ki, milli həmrəylik Azərbaycan cəmiyyətinin üstün keyfiyyətlərindən biridir.

“Ən çətin, həlledici məqamlarda Azərbaycan xalqı bir yumruq kimi birləşir. Dünya 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan cəmiyyətinin monolitliyinin bir daha şahidi oldu. Həmin günlərdə milli-dini-etnik mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq ölkənin bütün vətəndaşları, siyasi partiyalar Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşdilər. Əsas ümummilli ideya ətrafında sarsılmaz birliyimiz bizi böyük Qələbəyə apardı. Xalqın güclü həmrəyliyinin təmin olunmasına bir sıra amillər öz təsirini göstərir ki, burada milli-mənəvi dəyərlərimizin də böyük rolu var. Prezident İlham Əliyevin dediyi kimi, cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. İllər ötdükcə isə dövlətimiz daha da inkişaf edir, milli həmrəyliyimiz daha da güclənir. Bütün bunlar qürurvericidir”, - deyə deputat vurğulayıb.

Seçilən
10
azertag.az

1Mənbələr