AZ

NDU-da “Elm Günü”nə həsr olunan konfrans keçirilib

Naxçıvan, 19 mart, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzində “Elm Günü”nə həsr olunan konfrans keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransda çıxış edən rektor Elbrus İsayev ölkəmizdə elmin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Qeyd edib ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Elm haqqında” qanun bu yöndə inkişaf istiqamətlərini özündə əks etdirir. Martın 27-si isə əlamətdar gün olaraq bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd olunur.

Rektor vurğulayıb ki, Naxçıvan Dövlət Universiteti öz inkişaf strategiyasında elmin inkişafını dəstəkləyən hədəflər müəyyənləşdirib və uğurlu nəticələr əldə olunub. İllər üzrə təhlillər göstərir ki, əməkdaşların elmmetrik bazalara qeydiyyatında ciddi artım qeydə alınıb. 2024-cü ildə NDU alimlərinin “Scopus”da indekslənmiş məqalələrinin sayı 2023-cü illə müqayisədə 5 dəfə, “Web of Science”də indeksləşmiş nəşr sayı 2 dəfə artıb. Universitet əməkdaşlarının elmi göstəricilərində yüksək impakt faktorlu nəşrlərdə ötən illərlə müqayisədə də artım izlənilib. Son 5 ildə nəşr sayı 4 dəfədən çox, 1 akademik heyətə düşən nəşr sayı isə 3,3 dəfə artıb. Eyni zamanda, 2024-cü ildə "Akademik fəaliyyətin qiymətləndirilməsi mexanizmi" çərçivəsində 50 əməkdaşın əməkhaqqına 1 il müddətində 10-25 faiz stimullaşdırıcı əlavələr edilib. “Scopus” və “Web of Science” bazalarındakı hər bir nəşr üçün 1500-2500 manat, digər indeksli xarici nəşrlər üçün 100 manat, “Hirş” indeksi və istinadlara görə 300-500 manat, hər bir patent üçün 1000 manat məbləğində mükafatlar təqdim olunub.

Elm və innovasiya məsələləri üzrə prorektor Elsevər Əsədov NDU-da elmi mühitin inkişafında kreativ təşəbbüslərin rolundan bəhs edib. “StartupFest Naxçıvan”, “Robotex”, “Enactus” kimi layihələrdə ali təhsil ocağının iştirakı və uğurlarından söz açıb.

Müasir elmi çağırışlar və beynəlxalq elmi bazalara çıxışın aktuallığı barədə məlumat verən universitetin Elmi kitabxanasının direktoru Xumar Məmmədova beynəlxalq elmi platformalara inteqrasiyanın əhəmiyyətindən danışıb. Universitetdə tədqiqatçıların EBSCO, “Clarivate”, “Taylor Francis” elmi bazalara girişini qlobal elmi cəmiyyətə qoşulması üçün böyük imkan olduğunu qeyd edib.

Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə tələbələrin elmi fəaliyyətində yeniliklər və innovativ layihə kimi təqdim olunan universitetdə ilk tələbə jurnalı “Hüquq jurnalı” barədə məlumat verib. O, gənc tədqiqatçıların elmi işlərə cəlb olunmasının və onların dəstəklənməsinin vacibliyini qeyd edib.

Konfransda Naxçıvan Dövlət Universitetində elmi fəaliyyətə verdikləri töhfəyə görə “İlin tədqiqatçısı” adına layiq görülən alimlər - Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov, “Baytarlıq təbabəti” kafedrasının müdiri, dosent Mahir Məhərrəmov və “Pedaqogika və psixologiya” kafedrasının müdiri, dosent Taleh Xəlilov çıxış ediblər. Natiqlər cəmiyyətdə elmin təbliği və elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı fikirlərini bölüşüblər.

 

 

Seçilən
12
azertag.az

1Mənbələr