Bundesliqada tur “Sankt Pauli”nin “Hoffenhaym”ı minimal hesabla yenməsi ilə start götürdü. Hamburq təmsilçisi 6 oyunluq qələbəsiz seriyaya son qoydu.
Çempionlar Liqasında “Bayer-04”ə qarşı hər iki oyunda əla təsir bağışlayan “Bavariya” son turlarda qəribə nəticələr əldə edir. Xal fərqi artdıqdan sonra komandanın sanki daxili çempionata motivasiyası qalmayıb. Amma bu rahatlıq Münhen nəhənginə baha başa gələ bilər. Çünki mövsümün sonuna hələ 8 tur var.
Ötən tur evdə qəribə şəkildə autsayder “Bohum”la oyunda 2:0-lıq üstünlüyü əldən verərək fanatlarına şok yaşadan “rekordmayster” bu dəfə alt pillələrdə qərarlaşan digər rəqib - “Union” ilə oyunda xal itirdi. Düzdü, buraxılan qolda gənc və təcrübəsiz qapıçı Urbiqin də səhvini qeyd etmək lazımdı. Dortmund “Borussiya”sı isə mövsümü o qədər qeyri-sabit keçirir ki, komandanın növbəti uğursuzluğu heç kimi təəccübləndirmədi.
“Arılar” sanki hər dəfə ÇL-də uğurlu nəticədən sonra bundesliqada büdrəməyə söz veriblər. Komanda ÇL-də səfərdə “Lill”i məğlub edəndən sonra bundesliqada səfərdə “Leyptsiq”ə uduzdu. Hərçənd bu mövsüm o qədər də qorxulu təsir bağışlamayan “öküzlər”in buna qədər son 9 turda yalnız bir qələbəsi var idi. “Borussiya”nın “çərçivə”yə 9 zərbə vurduğu halda meydanı qolsuz tərk etməsi faktı heyrət doğurmaya bilməz. 3-cü pillədəki “Maynts-05”in 4 oyunluq qələbə seriyası “Frayburq”la ev matçında qırıldısa, 4-cü pillədəki “Ayntraxt” Bohum səfərində ciddi problem yaşamadı. Yeri gəlmişkən, 26-cı turu 54 qolla tamamlayan Frankfurt təmsilçisi son 43 ilin ən məhsuldar mövsümünü keçirir.
Komanda sonuncu dəfə 26-cı turda bundan daha çox (64) qolu 1981/82 mövsümündə vurub! “Volfsburq”u minimal hesabla yenən “Auqsburq”un məğlubiyyətsiz seriyası 10 oyuna çatdısa, Münhenqladbax “Borussiya”sı Bremendə 4 qol vuraraq inamlı qələbə qazandı. Halbuki “Verder” ötən tur son çempion “Bayer-04”lə səfər oyununda (2:0) qapısını toxunulmaz saxlamışdı. “Bayer-04”dən söz düşmüşkən, komanda ötən turdakı səhvi təkrarlamadı və “Bavariya” ilə xal fərqini azaltmağa müvəffəq oldu. Hərçənd “Ştutqart” səfəri leverkuzenlilər üçün cəhənnəm əzabı kimi keçdi.
Xabi Alonsonun komandası ötən mövsüm geridönüşlər kralı olduğunu xatırladı və əvvəlcə 0:2, sonra da 1:3 geridə olduğu qarşılaşmada inanılmaz qələbə qazandı.
26-cı tur
Union – Bavariya 1:1
Hollerbax, 83 – Sane, 75. (22012)
Bavariya: Urbiq, Stanişiç, Upamekano, Dayer, Devis, Kimmix, Qoretska, Olise (İto, 82),Musiala, Qnabri (Sane, 65), Keyn.
Ştutqart – Bayеr-04 3:4
Demiroviç, 14. Voltemade, 48. Caka, 62-öz qapısına – Frimponq, 56. İnkapye, 67. Ştiller, 88-öz qapısına. Şik, 90+4. (59000)
Bayer-04: Qradetski, Mukiele, Ta, Andrix (Artur, 75), İnkapye, Caka, Palasios, Qarsiya (Adli, 57), Frimponq, Qrimaldo (Bonifeys, 57), Şik.
Lеyptsiq – Borussiya D 2:0
Simons, 18. Openda, 48. (47000)
Leyptsiq: Qulaçi, Baku, Qeertruyda, Orban, Bitşiabu, Raum (Lukeba, 81), Baumqartner, Zayvald (Aydara, 81), Simons (Qomis, 81), Şeşko, Openda (Klostermann, 81).
Borussiya: Kobel, Anton, Əmrə Can, Şlotterbek, Ryuyerson (Çukvuemeka, 72), Qross, Zabitser (Bensebayni, 32), Adeyemi (Gittens, 72), Brandt, Bayer, Girassi.
Bohum – Ayntraxt F 1:3
Holtmann, 73 – Kristensen, 27. Bahoya, 32. Batşuayi, 90+6. (26000)
Ayntraxt: Santos, Kristensen, Tuta, Kox, Braun, Höylunn, Skiri (Amenda, 87), Götse (Kollins, 80), Larsson (Knauff, 46), Bahoya (Çaibi, 65), Ekitike (Batşuayi, 80).
Maynts-05 – Frayburq 2:2
Burkardt, 34. Hanke-Olsen, 74 – Qreqoritş, 58. Kübler, 79. (33305)
Verder – Borussiya M 2:4
Şmid, 38. Andre Silva, 45+1-p. – Plea, 7-p.; 28; 47. Klayndinst, 81. (42100)
Auqsburq – Volfsburq 1:0
Tits, 53. (28351)
Sankt Pauli – Hoffеnhaym 1:0
Vaysshaupt, 51. (29546)
Haydenhaym – Holştayn 3:1
Piringer, 33. Zivzivadze, 47. Konteh, 90+3 – Harres, 87. (15000)
1. Bavariya 26 19 5 2 75-24 62
2. Bayer-04 26 16 8 2 59-32 56
3. Maynts-05 26 13 6 7 44-28 45
4. Ayntraxt F 26 13 6 7 54-40 45
5. Leyptsiq 26 11 9 6 41-33 42
6. Frayburq 26 12 6 8 36-38 42
7. Borussiya M 26 12 4 10 43-40 40
8. Volfsburq 26 10 8 8 49-40 38
9. Auqsburq 26 10 8 8 29-35 38
10. Ştutqart 26 10 7 9 47-43 37
11. Borussiya D 26 10 5 11 45-41 35
12. Verder 26 9 6 11 40-53 33
13. Union 26 7 6 13 23-39 27
14. Hoffenhyaym 26 6 8 12 32-48 26
15. Sankt Pauli 26 7 4 15 20-30 25
16. Bohum 26 5 5 16 27-52 20
18. Haydenhaym 26 5 4 17 31-52 19
17. Holştayn 26 4 5 17 38-64 17
Bombardirlər: Keyn (Bavariya) – 21, Şik (Bayer-04) – 17, Marmuş (Ayntraxt F), Burkardt (Maynts-05), Klayndinst (Borussiya M) – 15.
Növbəti turun oyunları martın 28-30-u aralığında keçiriləcək: Bayеr-04 – Bohum, Bavariya – Sankt Pauli, Borussiya M – Leyptsiq, Borussiya D – Maynts-05, Ayntraxt F – Ştutqart, Frayburq – Union, Hoffеnhaym – Auqsburq, Holştayn – Verder, Volfsburq – Haydenhaym.
***
Turun rəqəmi
10 – bu tur birdən-birə iki qapıçı inanılmaz göstəriciyə nail oldu. Buna qədər bundesliqa tarixində cəmi 7 qapıçı ardıcıl 10 saat qapısını toxunulmaz saxlamağı bacarmışdı. Bu tur belə qapıçıların sayı 9-a çatdı! “Frayburq”un qapıçısı Noa Atubolu “Maynts-05” ilə oyunda 34-cü dəqiqədə qapısında qol gördü. Sonuncu dəfə 19-cu turda “Bavariya” ilə qarşılaşmanın 54-cü dəqiqəsində məyus olan 22 yaşlı əlcək sahibinin “quru” seriyası 610-cu dəqiqədə qırıldı! “Auqsburq”un qapıçısı Finn Damennin isə seriyası davam edir. O, “Volfsburq”la oyunu da “quru” keçirməklə ardıcıl 6-cı turda qapısını toxunulmaz saxladı. Sonuncu dəfə 20-ci turda “Sankt Pauli” ilə oyunun 17-ci dəqiqəsində məyus olan 27 yaşlı qapıçının qol buraxmamaq seriyası artıq 613 dəqiqəyə çatıb. Maraqlıdı ki, Damen mövsümə ikinci qapıçı statusunda başlamışdı və yalnız 16-cı turdan etibarən oynamağa başlayıb.
Turun ulduzu
Alassan Plea (Borussiya M) – mövsümü o qədər də məhsuldar keçirməyən və bu tura qədər cəmi 6 qol vuran təcrübəli fransalı forvard Bremendə coşdu. O, komandasının vurduğu 4 qolun hər birində yaxından iştirak edərək 3 qol, 1 məhsuldar ötürməlik performans sərgilədi. Ümumiyyətlə, Bremen onun üçün uğurlu şəhərdi. 2018-ci ildən “Borussiya”nın şərəfini qoruyan Plea 202-ci bundesliqa matçında cəmi 2-ci dəfə het-trik etdi. Maraqlıdı ki, ilk het-triki də o, 2018-ci ilin noyabrında məhz elə “Verder”lə səfər oyununda etmişdi. Buna qədər bundesliqa tarixində eyni rəqibə qarşı səfərdə iki dəfə het-trik edən yalnız bir futbolçu var idi! Bunu Karl-Haynts Rummenige “Bavariya”nın heyətində Münhenqladbaxdakı matçlarda bacarmışdı.
Turun sitatı
Niko Kovaç, Dortmund “Borussiya”sının baş məşqçisi: “Bu inanılmazdı. “Leyptsiq”ə məğlubiyyətə heç bir izah tapa bilmirəm. Rəqib qapısı sanki tilsimlənmişdi. Top heç cür qapıya daxil olmaq istəmədi. Fakt budu ki, layiq olduğumuz qolları vura bilmədik və bu üzdən meydanı məğlubiyyətlə tərk etdik. Halbuki çox rahat şəkildə ən azı 3-4 top vurmalıydıq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta