İstanbul, 19 mart, Günel Karatepe, AZƏRTAC
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bu gün səhər saatlarında İstanbul Bələdiyyəsinin sədri də daxil olmaqla, 106 şübhəli şəxs barəsində saxlanılma qərarı verilib. Bu çərçivədə İstanbul Baş Prokurorluğu iki istintaq aparır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin ədliyyə naziri Yılnaz Tunçun mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, Terror Cinayətlərinin Araşdırılması Bürosu tərəfindən aparılan istintaq nəticəsində İstanbul Bələdiyyəsinin başçısı da daxil olmaqla, 7 nəfərin saxlanılmasına dair qərar verilib. Burada şübhəlilərin terror təşkilatına yardım etmək cinayətini törətdiyi iddia olunur. Digər istintaq isə Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Bürosu tərəfindən aparılır. Bu istintaq çərçivəsində də İstanbulun Bələdiyyə başçısı da daxil olmaqla, 100 şübhəli şəxsin saxlanılması qərara alınıb. İstintaqda şübhəlilərin rüşvət, hədə-qorxu yolu ilə mənfəət tələb etmə, tender saxtalaşdırılması, dələduzluq və şəxsi məlumatların qanunsuz əldə edilməsi kimi cinayətlər törətdiyi iddia olunur. Bütün bunların cinayətkar təşkilat çərçivəsində qanunsuz qazanc əldə etmək məqsədilə həyata keçirildiyi irəli sürülür.
İstanbul Baş Prokurorluğunun bəyanatına əsasən, istintaq materiallarında MASAK hesabatları, vergi ekspertizaları, depozit hesabatları, şahid ifadələri və digər sübutlar yer alır. İstintaq bütün aspektləri ilə diqqətlə və həssaslıqla aparılır.
Nazir deyib ki, heç bir orqan, instansiya, qurum və ya şəxs məhkəmə hakimiyyətinin icrası zamanı məhkəmələrə və hakimlərə göstəriş verə, sərəncam göndərə, tövsiyə və ya təklif edə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, istintaq prosesi məxfi xarakter daşıyır. Bu məxfiliyin qorunması ədalətin düzgün icra olunması, insan hüquqlarının pozulmasının, günahsızlıq prezumpsiyasının, şərəf və ləyaqətin qorunmasının təmin olunması üçün son dərəcə vacibdir.
Materiallar, ittihamlar və sübutların məzmunu ilə tanış olmadan başladılan istintaqlara qiymət verməyin düzgün olmadığını bildirən nazir əhalini prosesə daha yumuşaq yanaşmağa, hər kəsin istintaqın nəticələrini səbir və sakitliklə gözləməyi tövsiyə edib.