AZ

İstanbul meri Ekrem İmamoğlu saxlanılıb

İstanbul Böyük Şəhər Bələdiyyəsinin meri Ekrem İmamoğlu saxlanılıb.

O, saxlanılmazdan əvvəl çəkdiyi videoda ruhdan düşməyəcəyini vurğulayıb.

"Məyusluqla deyirəm, millətimizin iradəsini zəbt etməyə çalışan bir ovuc ağıl mənim sevimli polisimi, bu ölkənin təhlükəsizlik qüvvələrini bu pisliyə alət edərək evin, 16 milyon istanbullunun yaşayış yerinin qapısına yüzlərlə polis yığıb. Böyük bir zorakılıqla üz-üzəyik, amma ruhdan düşməyəcəyik. Bunu bilməyinizi istəyirəm!", cənab İmamoğlu deyib.

İmamoğlu ilə yanaşı, yüzdən çox şəxs barəsində müxtəlif ittihamlarla saxlanma qərarı çıxarılıb.

İstanbul Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, İmamoğlu "cinayətkar təşkilatın lideri şübhəlisi" kimi saxlanılıb.

İstanbul Baş Prokurorluğundan verilən açıqlamaya görə, o, həm Terror Cinayətləri İstintaq Bürosu, həm də Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan iki ayrı istintaq çərçivəsində saxlanılıb.

Həbs qərarı İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı "şəhər razılaşması" və "CHP-də pul sayma görüntüləri" kimi xatırlanan korrupsiya iddiaları ilə əlaqədardır.

İmamoğlu da daxil olmaqla saxlanılmış şəxslər "cinayətkar qruplaşma (suç örgütü), qəsb, rüşvət, dələduzluq və tenderlərin saxtalaşdırılmasında" kimi maddələrlə ittiham olunurlar.

Çərşənbə axşamı günü yayılmış xəbərlərdə İstanbul Universiteti 20 nəfərdən çox şəxsin diplomunu ləğv etdiyini açıqlamışdı.

Qurum açıqlamasında İmamoğlunun adını çəkməsə də, Anadolu xəbər agentliyi diplomu ləğv olunan 28 nəfər arasında Ekrem İmamoğlunun da adının olduğunu yazıb.

Onun diplomunun ləğvi qərarına qarşı etiraz etmək üçün hüquqi yollar nəzərdən keçirilir, vəkilləri açıqlayıb. Vəkilləri Türkiyənin Ali, eləcə də Avropa İnsan Haqları Məhkəməsinə baş vuracaqlarını bildirirlər.

İmamoğlunun saxlanmasından sonra İstanbulda 4 günlük fövqəladə vəziyyət elan olunduğu bildirilir.

İstanbul Valiliyi şəhərdə ciddi təhlükəsizlik tədbirləri artırıldığını bildirib.

Qurum açıqlayıb ki, ictimai təhlükəsizliyi təmin etmək məqsədiylə, mümkün təxribatçı hərəkətlərin qarşısını almaq üçün 19-23 mart tarixlərində İstanbulda hər cür "görüş, nümayiş və mətbuata açıqlamalar" qadağandır.

Videoya Youtube kanalımızda baxın.

CHP-nin ilkin seçkilərdə ehtimal olunan tək namizədi

Martın 23-də Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (Cumhuriyyet Halk Partisi - CHP) keçirməyi nəzərdə tutduğu ilkin seçkidə yeganə namizəd Əkrəm İmamoğlunun CHP-dən prezidentliyə namizəd elan edilməsi gözlənilirdi.

Türkiyədə prezidentliyə namizəd olmaq üçün ali təhsil tələb olunur.

İmamoğlu diplomu ləğv etmək səlahiyyətinin yalnız Biznesin İdarəedilməsi Fakültəsinin İdarə Heyətində olduğunu deyib.

O, diplomunun ləğvi ilə bağlı "bu qərarı verənlərin tarix və ədalət qarşısında cavab verəcəyi gün yaxındır. Ədalətə, hüquqa, demokratiyaya susamış millətimizin yürüşünü dayandıra bilməyəcəklər" deyib.

İmamoğlu saxlanılmazdan əvvəl öz sosial media hesabında bir qeyd paylaşıb.

"Yalanlara, sui-qəsdlərə, yalanlara, tələlərə, insanların haqqını tapdalayanlara, xalqın iradəsini oğurlayanlara millətimiz lazımi cavabı verəcək. Mən özümü əvvəl Allaha, sonra millətimizə tapşırıram", o yazıb.

CHP başqanı Özgür Özel xəbərlərin ardınca İstanbula gedib, verdiyi ilk açıqlamasında isə İmamoğlunun saxlanmasını "İstanbulun iradəsinə hücum" kimi dəyərləndirib.

İmamoğlunun saxlanmasıyla bağlı digər şərhində CHP başqanı Özgür Özel 31 martda (2019) keçirilmiş seçkilərin nəticələri Recep Tayyip Erdoğan tərəfindən həzm edilməyib" söyləyib.

Türkiyə Seçki Komissiyasının bu seçki nəticələrini ləğv etməsinin ardınca 23 iyun 2019-cu ildə təkrar seçkilərdə İmamoğlu 806 min səs fərqiylə mer vəzifəsini qazanıb.

Özel vurğulayıb ki, "31 martda partiyasının qurulmasından indiyədək ilk dəfə məğlub oldu, partiyalar arasında ikinci oldu və "İstanbulu qazanan Türkiyəni qazanar " dediyi İstanbulu Ekrem İmamoğluna güzəştə getməyə məcbur oldu.

CHP-yə qarşı açılan cinayət işlərində prokurorluq CHP-nin kvotasından seçilən və bələdiyyə sədr müavinləri təyin edilən bəzi bələdiyyə məclis üzvlərinin terrorla əlaqəsi olduğunu, terror təşkilatı üzvlərinin və tərəfdarlarının İBB-nin törəmə qurumlarında işlədiyini iddia edib.

Açıqlamada İmamoğlunun digər şübhəlilərlə birlikdə yerli seçkilərdə bələdiyyə məclisi üzvlərinin siyahılarını şəxsən təsdiqlədiyi və buna görə də onların PKK/KCK terror təşkilatına yardım cinayəti törətdikləri iddia edildiyi vurğulanıb.

CHP 1923-cü ildə yaradılıb, Mustafa Kamal Atatürkün rəhbərliyi ilə sultanlığı aradan qaldırıb və cümhuriyyəti qurub, partiyanın rəsmi saytında yazılıb.

Bəzi siyasi partiyalar Prezident seçkisini boykota çağırırlar

Türkiyə siyasi partiyalarının rəhbərləri İmamoğlunun saxlanılması ilə bağlı verdikləri açıqlamalarda bu hadisəni Türkiyədə "siyasi əhatənin daraldılması və siyasətçilərə verilən mesaj", "demokratiyaya, xalqın iradəsinin əleyhinə açıq-aşkar zərbə", "hüququn sərhədlərinin tanımayan siyasi əməliyyat", "ağılla, hüquqla izaholunmaz" kimi xarakterizə ediblər.

Ankara Bələdiyyəsinin başqanı Mansur Yavaş da qərara etiraz edərək, "bu ölkədə hüququn aliliyi, demokratiyanı və millətin iradəsini müdafiə edən hər kəs bilməlidir ki, seçki yolu ilə gəlmiş bir bələdiyyə başqanına qarşı belə davranışlar qəbulolunmazdır" deyib.

İYİ partiyasının başanı Müsavat Dərvişoğlu isə İmamoğlunun saxlanmasını qarşıdakı seçkilərlə əlaqələndirib.

"Recep Tayyip Erdoğan Konstitusiyaya görə bir daha namizəd ola bilməz. Konstitusiyaya məhəl qoymamağa və mümkün namizədlərə oxşar davranışlar sərgilənməyə davam edərsə, tək çıxış yolu prezident seçkilərini boykot etmək və ona etiraz etməkdir. Artıq müxalifət parlamentdə çoxluğu ələ almalıdır", - Dərvişoğlu deyib.

Seçilən
5
bbc.com

1Mənbələr