Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Roma mənbələrində Armeniya köçkünlərin ərazisi kimi qeyd olunub” adlı veriliş hazırlanıb...
Poliqon xəbər verir ki, verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə Roma və ərəb mənbələrində yazılan tarixi həqiqətlər haqqında danışıb.
O bildirib ki, romalılar işğal zamanı Armini ərazisini Armeniya kimi qeyd ediblər: “Armeniya dövlət kimi yox, coğrafi ərazi kimi göstərilirdi. Roma mənbələrində Armeniya köçkünlərin ərazisi kimi qeyd olunub. Romalılara qarşı müharibədə II Şapurun müttəfiqi Albaniya idi".
Onun sözlərinə görə, Sasanilərin müttəfiqləri albanlar, abdallar, axunlar idi: “II Şapur ermənilərin nümayəndələrinə bu əraziyə aid olmadıqlarını, ermənilərin Armini ərazisinə gəlmə olduqlarını, heç bir mənbədə onların adlarının olmadığını deyib. Sasani sarayında tayfaların iclasında ermənilərin Şərqə aid olmayan köçkünlər olduğu təsdiqlənir. Ərəb mənbələrinə Armini ifadəsi Ərməniyyə kimi düşüb”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Poliqon.info