Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından birini-Novruz bayramını qeyd edir.
Senzor.az xatırladır ki, bir sıra xalqlar yaz fəslinin gəlişini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər.
Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayır.
Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli martın 20-si saat 13:01-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Onu da xatırladaq ki, bu, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi beşinci Novruz bayramıdır və artıq işğaldan azad olunan ərazilərimizdə də qeyd olunur. Ona görə də xalqımız ötən dörd ildə olduğu kimi, bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır.
Senzor.az hamınızı Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə bol ruzi-bərəkət, sevinc dolu günlər, əmin-amanlıq arzulayır.
BAYRAMIMIZ MÜBARƏK!