“Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq prosesində iştirak edəcəyəm. Həmkarlarımı - yazıçıları, jurnalistləri, filoloqları da Azərbaycan dili bilgilərini yoxlamağa dəvət edirəm”. Bunu Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib.
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” sertifikasiya imtahanı modeli hazırlayaraq ictimaiyyətə təqdim edib.
“İngilis, alman və başqa dillərdə biliyin səviyyəsini müəyyənləşdirən imtahanlar barədə hamımız bilirik. Bəs bizim doğma Azərbaycan dili bilgilərini sertifikasiya edən imtahan prosesi niyə də keçirilməsin? Məleykə xanım ilkin 2000 datanın yaradılması üçün mütəxəssisləri, həmçinin yazıçıları sınaq prosesinə qoşulmağa dəvət edib. Qeyd olunub ki, iştirakçılar ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər. İmtahan nəticələri emal olunduqdan sonra iştirakçıların elektron poçt ünvanına göndəriləcək. Göründüyü kimi, anonimlik də saxlanacaq. Qorxulu nəsə yoxdur. Təəssüf edirəm ki, bu cür vacib məsələnin müzakirəsi lüzumsuz istiqamətə yönəldi. Mən Azərbaycan dili bilgilərini yoxlamaq istəyən hər kəsi Məleykə xanımın çağırışına qoşulmağa, bu vacib sertifikasiya imtahanı üçün lazım olan ilkin 2000 datanın yaradılmasına töhfə verməyə çağırıram”, - R.Məcid deyib.
Bəs yazıçılar, jurnalistlər bu çağırışa qoşulacaqmı? Ədəbiyyat adamlarının Azərbaycan dilini hansı səviyyədə bilməsini yoxlamaq onları aşağılamaqdırmı? Çünki bəziləri sərt etiraz ediblər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Məleykə Abbaszadə məni də həmin tədbirə dəvət etmişdi. Həmin vaxt xarici qonaqlarım olduğu üçün tədbirə gedə bilməmişdim. Bu baxımdan məsələnin mahiyyətindən xəbərim yoxdur. Xəbərim olmadığı üçün bu haqda danışmaq istəmirəm. Ancaq mənə o qəribə gəlir ki, indiyə qədər Azərbaycan dilini yazıçılar yaşadıb, indi yazıçıları təzədən imtahan edəcəklər? Kim edəcək? Kimləri imtahan edəcəklər - xalq yazıçılarını, akademikləri, gənc yazıçıları, ya kimləri? İmtahanı kim qəbul edəcək? Bunlar mənə aydın deyil. Özüm üçün aydınlaşdırdıqdan sonra aydın cavab verə bilərəm”.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavət də məsələyə sərt reaksiya verib: “Başqa ixtisas sahiblərini deyə bilmərəm, amma yazıçılarla bağlı onu deyə bilərəm ki, biz Azərbaycan dilindən imtahan verməyə hazırıq. Bircə xırda şərtim var, bizdən 1 saat əvvəl Məleykə xanım imla yazsın, əgər yaxşı yazırsa, səhvi yoxdursa, bütün yazıçılar Azərbaycan dilindən imtahan verməyə hazırdır”.
Qulu Məhərrəmli kafedra müdiri oldu - FOTO - Oxu.az
Qulu Məhərrəmli
Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli isə “Yeni Müsavat”a açıqlamasında bildirib: “Əslində ana dilinin keşiyində dayanan, dayanmalı olan və onun inkişafına töhfə verən peşə sahiblərindən biri yazıçılardır. Yazıçı dili yaradan şəxsdir, faktiki olaraq dili formalaşdıran biridir. Əgər yazıçı dili bilmirsə, onda vəziyyət daha da kritik hala gəlir.
Təəssüf ki, dövlət qurumlarında çalışan və ana dilində öz fikrini ifadə edə bilməyən çox sayda məmur var. Onlardan birinci növbədə dövlət dilini bilmələri tələb olunmalıdır. Onlar sertifikasiyaya cəlb edilməli, imtahandan keçməlidirlər. Hər kəs anlamalıdır ki, dövlət dilinə hörmət göstərmək və onu bilmək vacibdir. Çünki ana dili bizim milli varlığımızı ifadə edir.
Amma bütün bunlara baxmayaraq, ana dili məsələsinin gündəmdə qalması müsbət haldır".
Azər Həsrət: "Niyə şikayət edirsiniz? Səhər evdən çıxdım, nə tıxac gördüm, nə də su basmış yer... Pravda.az
Azər Həsrət
Əməkdar jurnalist Azər Həsrət qeyd edib: “Baxıram ki, bəziləri Məleykə Abbaszadənin məlum çağırışını qəribçiliyə salır. Şəxsən mən düşünürəm ki, ümumiyyətlə, AYB-yə üzvlük elə dövlət dilimizdən imtahanla olmalıdır! Ona görə ki, bu qurumun üzvü olduğu halda ard-arda üç cümləni düzüb-qoşa bilməyən xeyli insan var. Onlar ora necə və niyə üzv olublar? Yaxud da yazıçı və ya şair olmadığı halda AYB üzvü olanlar da az deyil. İndi ki, bu adamlar özlərini AYB üzvü olmağa layiq sanaraq o quruma qoşulublar, dövlət dilimizdən imtahan verməkdən də çəkinməməlidirlər.
Məncə, dövlət dilindən imtahan yalnız yazıçı və şairlər üçün olmasın. Elə biz jurnalistləri də bu prosesdən keçirmək lazımdır. Şəxsən mən AYB üzvü olmasam da, imtahanda həvəslə iştirak etməyə hazıram. Özündən deyən - iddialı bütün jurnalistləri də bu prosesdə iştiraka çağırıram. Gəlin, doğrudan da söz - yazı adamı olduğumuzu bir də bu müstəvidə sınayaq. Həm də yetişən nəslə örnək olaq.
Ən sonda isə düşünürəm ki, belə bir imtahandan nazirlər, icra başçıları və deputatları da keçirmək lazımdır. Özü də hamıdan öndə onlar getsin, biz də onların ardınca.
Lap vacib olan isə budur ki, rusdillilər belə bir imtahanda mütləq iştirak etsin. Çünki onlar həmişə iddia edirlər ki, rus məktəbində oxusalar da dövlət dilimizi də əla mənimsəyirlər. Buyurun, sübut edin bunu".