UEFA Millətlər Liqasının 1/4 finalında Almaniya yığması ilə evdə baş tutacaq ilk oyununa hazırlaşan İtaliya yığmasının düşərgəsində itki var.
Arena.az yığmanın mətbuat xidmətinə istinadən məlumat verir ki, “Atalanta”nın 25 yaşlı mərkəz hücumçusu Mateo Reteqi zədələnərək, “skuadra adzurra”nın düşərgəsini tərk edib:
“Reteqi sağ ombasının zədəsi səbəbilə bu gün səhər tibbi müayinədən keçib. Tibbi müayinənin nəticələrinə əsasən qərar qəbul edilib ki, hücumçu Almaniya yığmasına qarşı oyunlarda milli komandamıza kömək edə bilməyəcək”, – yığmanın rəsmi bəyanatında deyilir.
Xatırladaq İtaliya yığması ilk oyun çərçivəsində Almaniya yığmasını bu gün, martın 20-də Milanın “San Siro” stadionunda qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.
Komandalar arasındakı ikinci oyun isə martın 23-də Dortmundun eyniadlı stadionunda baş tutacaq.