İlin təzələnməsini təsdiqləyən astronomik hadisənin – Günəşin zenitdə olması, yerin cənub və şimal yarımkürələrini eyni səviyyədə işıqlandırması, gecə-gündüz bərabərliyinin yaranması Novruzun təntənə dövrü sayılır. Təqvim Novruzdan (21-22 mart) başlanır. Günəşin gecə-gündüz bərabərliyindən ilin ən uzun gün vəziyyətinə qədər (22 iyuna) olan dövr yaz adlandırılır. Azərbaycanda mövsüm mərasimləri ilin fəsillərinə, ay və günlərinə verilən adla, məna, məzmunla bağlıdır.
Novruza iki səviyyədə baxmaq lazımdır: Elmi və məişət, yəni kütləvi bayram səviyyələrində. Bunlar bir-birindən ayrı, aralı deyil. Amma geniş kütlələri əhatə edən, rəngarəng adət və mərasim variantları üzə çıxan bu xalq bayramı elmi baxımdan tədqiq olunur.
Novruz bayramı haqqında ən qədim real və etnoqrafik məlumatlar bir sıra mənbələrdə əksini tapır.
Çin mənbələrində e.ə. yüz illər öncə Hunların 21 martda bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də hətta müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri mövcud olmuşdur. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ritualının təsviri əks olunmuşdur. Türklərin “Ərgenekon” dastanında əski yurda dönüş yazın ilk günü ilə bağlanır və üç min əvvəl bünövrəsi qoyulmuş adət – kürədə qızdırılan dəmiri döymə törəni bu gün də ən yüksək dairələrdə icra olunur.
Qədim pəhləvi kitablardakı əfsanələrə əsaslanan Əbülqasım Firdovsi özünün “Şahnamə” poemasında Novruz bayramını əfsanəvi Cəmşid şahın adı ilə bağlamışdır. Əbu Reyhan Büruninin “Qədim xalqlardan qalan ənənələr”, Ömər Xəyyamın “Novruznamə”, Mahmud Kaşğarinin “Divani Lüğətit-Türk” əsərində Novruzla bağlı məlumatlar əksini tapmışdır.
Günəş təqviminə əsaslanan 12 heyvanlı türk təqvimindən məlumdur ki, Novruz bayramı çox qədimlərdən qeyd olunur. Qədim türk təqviminə əsasən, Günəşin zahiri illik hərəkəti hər on iki ildən bir təkrar eyni nöqtəyə düşür. Bu vaxt ildəyişmə baş verir. İldəyişmə isə mütləq bir heyvanın üstündə olur. Təqvimdə bu heyvanların sayı on ikidir və onların sırası belədir: siçan, öküz, pələng, dovşan, balıq, ilan, at, qoyun, meymun, donuz (qaban), toyuq, qaban.
Orta Asiya tarixçi alim Əbubəkr Əlnarşahi (899-959-ci illər) “Buxara tarixi” əsərində Novruz günü Siyavuşun qəbri başında xoruz döyüşləri keçirildiyini və üç min il əvvələ aid nəğmələr oxunduğunu yazır.
Kaşğarlı Mahmud “beyrem”, “bedrem”, haqqında sevinc və əyləncə günü kimi yazır. “Divan-ı Lügati Türk”də baharın “suların çoxalması, qarların əriyib dağ başlarının görünməyə başlaması, dünyanın nəfəsinin isinməsi, çiçəklərin açması, yer üzünə yamyaşıl bir ipək qumaşın sərilməsi, heyvanların çoxalması” kimi dəyərləndirir. Kaşgarlı Mahmudun “Divanü Lügat’it-Türk” adlı əsərində “Novruz” yerinə “Yeni gün” ifadəsi istifadə olunmuşdur.
Yusif Balasaqunlunun “Kutadqu Bilik”əsərində Novruz haqqında məlumat vərilir “Gündoğandan əsib gəldi bahar yeli, Dünyanı bəzəyərək cənnət yolunu açdı”-deyilir. “Kutadqu Bilik” də bahar, “yay” və “yaz” qavramları anladılmış, baharın gözəllikləri vurgulanmıştır.
Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” əsərində əksini tapan “Ərkenekon” dastanından bəlli olur ki, iki göytürk kişisi xanımları ilə düşmən basqınından qurtulub dar bir keçiddən keçərək hər tərəfi dağlarla əhatə olunmuş məkanda yaşamağa başlayırlar. Qərinələr, əsrlər keçir, buradakı türklər çoxalır, olduqları yerə sığmırlar. Bir dəmirçi dar keçidin dəmirdən olduğunu bilir, keçiddəki dəmir əridilməklə türklər Ərkenekondan çıxırlar. Maraqlıdır ki, bu gün də Novruz günü Orta Asiya türklərində, xüsusilə, uyğur, Kazan, Ufa türkləri arasında Ərgenekon dastanında da olduğu kimi sürülərdən, balaların doğulmasından, ağacların yaşıllaşması, quzuların doğulmasından, çiçəklərin aşılması, yazın gəlməsindən danışılır.
Düzdür, bu bayramın tarixi çox qədimdir. Amma bayramın sistemləşdirilməsi, rəsmiləşdirilməsi İslam dininin geniş yayıldığı dövrdə, müsəlman dövlətində baş vermişdir.
Dövlətçiliklə bağlı olduğundan məhz Novruzda, yəni astroloji və təsərrüfat ilinin başlanğıcında vergi dəftərləri yenilənirdi. Orta əsr dövlətlərində növbəti vergi yığılması, payızda, təsərrüfat ilinin sonunda, məhsul yığımı zamanı olurdu. Eləcə də Novruz zamanı dövlətçiliklə bağlı, hərb və sülh məsələləri ilə əlaqədar qərarlar verilirdi. Novruzda hökmdarlar təntənələr təşkil edərdi, meydan tamaşaları təşkil olunardı. Bunu təsdiqləyən bir çox tarixi mənbələr vardır.
Səlçuqlu Sultanı Məlikşahın həyata keçirdiyi “Takvim-i Cəlali” islahatından sonra “Novruz” adlandırılan bayram ilin başlanğı sayılmışdır.
İslam dininin meydana gəlməsi islami təqvim yaratmışdır: 636-cı ildə xəlifə həzrəti Ömərin zamanında 622-ci il müsəlman erasının birinci ili kimi qəbul edilmiş və Hicri-Qəməri təqvim əsasında hesablanmışdır. Məhərrəm ayının biri Hicri-qəməri təqvimin birinci günü sayılmışdır.
Müsəlman dünyasında hicri-qəməri təqvim dəqiq olmadığından, üstəlik, məhərrəm ayının 1-i imamların təziyə gününə təsadüf etdiyindən bir çox çətinliklər ortaya çıxmışdır.
Hicri-Şəmsi təqvimin bərpası türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqinin (1072-1092) dövründə baş vermişdir. Mənbələrin gah hicri 468, gah da hicri 475 rəqəmləri ilə qeyd etdiyi bu tarix miladın 1074 və 1083-cü ilinə uyğun gəlir.
Səlcuqlu vəziri Xacə Nizamülmülk 466-cı ildə (Miladi 1074) yeni bir rəsədxana inşa etdirərək astronomiya alimlərini buraya toplamış və hökmdarın göstərişi ilə təqvimdəki dəyişiklik olunmasını istəmiş, toplantı nəticəsində Sultan Məlikşahın Cəlalüddövlə ləqəbinə uyğun olaraq, “Cəlali” adı verilən bir təqvim qəbul edilmişdir.
İbn əl-Əsir yazır ki, Məlikşah və Nizamülmülk məşhur astronomları toplayaraq Novruz gününü ilin ilk təqvim günü elan etmişdir. Novruz əvvəllər Hüt bürcünə təsadüf edirdi. Sultanın bu göstərişi ilə Novruz təqvimin ilk günü kimi qeydə alındı. Bu elmi tədqiqatda iştirak etmiş astronomlar Ömər ibn Xəyyam, Əbülmüaəffərül-Əsfzari və Maymun ibn Əlnəcibül-Vosta olmuşlar. Bu elmi müşahidələrə, tədqiqatda xeyli vəsait xərclənmiş və həmin iş Sultan Məlikşahın vəfatına qədər (1092) davam etmişdir.
Həmin təqvim islahat prosesində bir sıra münəccimlər iştirak etmiş, əvvəllər Hut (Balıq) bürcündə qeyd olunan bayram Qoç bürcündə qeyd edilməyə başlamışdır.
Cəlali adıyla məşhur olan bü təqvim Novruz bayramının ruhani əhval-ruhiyyəsinin əksinə olaraq, bir daha rəsmiləşdirilməsinə xidmət etməklə yanaşı, dəqiqliyi ilə də heyrətamizdir.
“Takvim-i Cəlali” islahatından sonra səlçuqlularda dövlət işləri yenidən düzənlənmiş, təftiş olunmuş, maliyyə-vergi ili başlanmışdır.
Cəlali təqviminə görə, ilin uzunluğu 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiədir. Bu qədər mükəmməl bir təqvimin hazırlanması türklərin çox dərin astronomik biliklərə malik olduqlarını sübut edir. Səlcuqlularda ilbaşı, günəşin Qoç bürcüna girdigi gün olan Novruz günü olaraq qəbul edilmişdir.
Həm məhərrəm ayının 1-də, həm də yaz gecə-gündüz bərabərliyi, yeni il anında qeyd etmək çətinliklər yaratdığından Cəlali təqvimi əsasında Novruzun keçirilməsi haqqında fərman vermişdir. Bu fərman səfəvi şahı II Abbasın vəfatından sonra unudulmağa başlasa da, xalq türk adət-ənənəsinə sadiq qalaraq, Novruz bayramını keçirməkdə davam etmişdir.
Novruz Azərbaycan ərazisində mövcud olmuş dövlətlərlə-Səlcuqlular, Atabəylər, Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövründə daha da sistemləşmiş, dövlətçiliklə sıx bağlı olmuş, 21 mart ilbaşı olaraq qəbul edilmişdir. Ağqoyunlu hökmdarı Həsən padşahın “Qanunnamə”sində 21 mart ilk vergi toplama dövrü sayılırdı.
Bu bayramın digər bir adı “Sultan Novruz”, yəni sultana məxsus, sultanın iştirakı ilə keçirilən şölən, toy anlamında işlədilmişdir. Maraqlıdır ki, Novruz bayramı ilə bağlı oyun və əyləncələr qədimdən bu bayramda hökmdarın iştirakını təsdiqləyir.
Osmanlı sülaləsini meydana çıxaran Qayı boyuna mənsub olan Qarakeçililərin 21 martda Ərtoğrul Qazinin türbəsi ətrafına toplandıqları, burada Yörük Bayramı adı verdikləri, at yarışları, güləş yarışı ilə daha da maraqlı etdikləri bayramı keçirdikləri məlumdur.
Osmanlıda Novruz günü sarayda özəl törən olurdu. Münəccimbaşı padşaha yeni ilın təqvimini təqdim edir və hədiyyə alırdı. Həkimbaşının qaynadıb hazırladığı “Novruziye məcunu”da xalqa paylanırdı.
Saray ədəbiyyatında “Novruziyyə” adlı bir şeir növü (qəsidə) vardı. “Novruziyyə” adlı qəsidələr hökmdarlarına, dövlət adamlarına təqdim olunmuşdur. Bu qəsidələrdə Novruz motivi geniş şəkildə işlənmişdir.
Orta əsrlərdə ilin təhvil olması münasibətlə toplardan yaylım atəşi açardılar. Nağaralar gumbur-gumbur gurlayardı. Şeypur, təbil səsləri yüksələrək, yeni ilin gəldiyi xəbərini yayardılar. Atəşfəşanlıq başlanardı. Elə ona görə də “Novruzun topu atılan” vaxta “il təhvil oldu” dəyərdilər. “Novruzun topu atıldı” – deyə hamı yeni ilin başlanması münasibətilə bir-birini təbrik edərmiş.
XIV əsrdən məlum olan bayramlıq vergisi Novruz və Qurbanlıq zamanı toplanırdı. Dövlət məmurları tərəfindən orta əsrlərdə “novruzi” adlı vergi növünün toplanması da məlumdur. Bu da Novruz bayramı zamanı toplandığından məhz belə adlanırdı.
XIX əsrin ilk illərindən rus imperiyası tərəfindən işğal edilən Azərbaycanda əhali bir ildə 3 dəfə-məhərrəmin 1-də, yanvarın 1-də və yaz gecə-gündüz bərabərliyi anında yeni il keçirmək məcburiyyətində qalır. Bunlardan birini ruhani aləm, ikincini işğalçı dövlət himayə etdiyi halda, Novruzu xalq özü yaşatmışdır.
Novruz bayramına görə, ruhani atalardan və dövlət xadimlərindən təbrik gözləyən xalq tarixi-genətik yaddaş kodlarını qoruyub saxlayır. Bir də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cumhuriyyəti dövründə Novruz bayramı rəsmiləşdirilib, lakin sovet hakimiyyəti illərində (1929-cu ildə) ləğv edilmiş, dini bayram sayılmışdır.
Sovetləşmədən sonra bir müddət Novruz bayramı keçirilirdi. Lakin 1920-ci ilərin axırlarından etibarən qadağalar gücləndi. “Mübariz Allahsızlar İttifaqının” komsomol drujinikləri Cərşənbə və Novruz bayramı günlərində qapıları pusur, hansı evdən dəmə qoyulmuş plov qoxusu gəlirdisə, xəbərçilik edirdilər. 37-ci ilin repressiyaları Novruza da böyük zərbə vurdu. Amma xalq çətinliklə də olsa həmişə Novruz bayramı keçiridi, xüsusiylə şəhərdə Novruz şirniyyatı ənənəsi, kənd yerlərində Novruz adətləri yaşadıldı.
1956-cı ildə XX qurultaydan sonra Sovet cəmiyyətində kommunizm buzunun əriməsi Novruzun da taleyini isitdi.
1961-ci ildə Abdulla Şaiqin xatirələri çapa hazırlananda “Qlavlitin” rəhbəri Azərbaycan KP MK-nin sədri Vəli Axundova məlumat verərək yazırdı ki, xatirələrdə bir sıra ziyanlı məqamlar var və Abdulla Şaiq öz xatirələrində “Novruz bayramını” Azərbaycan xalqının bayramı kimi onu açıq-açığına şişirdir. Qlavlitin sədri kitabdan belə bir parçanı misal gətirirdi: “Hər il martda bütün Azərbaycan xalqı Novruz bayramını özünün əziz bayramı kimi sevinc və ruh yüksəkliyi ilə qarşılayırdı. Xalq bu milli bayramı bütün bayramlardan üstün tuturdu. Bəzən Novruz bayramına farslardan keçmə bayram kimi baxırdılar, bəzən də varlıların və ruhanilərin bayramı kimi baxırdılar. Bu tamamilə yanlış və səhv idi”. Doqquz səhifəlik məktubun sonunda senzor yazırdı ki, Abdulla Şaiqin xatirələrinin nəşrinə indiki halında icazə vermək mümkün deyil, əlyazma yenidən işlənməlidir. 1961-ci ildə əlyazmanı Novruz bayramına görə geri qaytardılar.
1963-cü ilin aprelində Qasım Qasımzadəni “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifəsindən çıxaranda ona qarşı irəli sürülən ittihamlardan biri qəzetdə Novruz bayramı haqqında yazı verməsi olmuşdu.
1960-cı illərin ortalarında Orta Asiya respublikalarında da Novruzun keçirilməsinə bir sıra cəhdlər olmuşdu. Bütün bunları nəzərə alaraq 1967-ci ildə Azərbaycan KP MK Katibliyi “Bahar bayramı” adı ilə Novruz bayramının keçirilməsi haqqında qərar qəbul etdi və bayram tədbirlərinin hazırlanması Mərkəzi Komitənin ideologiya üzrə katibi Şıxəli Qurbanova tapşırdı. Onun təşkilatçılığı ilə milli koloritləri nəzərə almaqla yaddaqalan bir bayram tədbiri təşkil edildi. Azərbaycan rəhbərliyinin dəvəti ilə Moskvadan və digər yerlərdən bir sıra jurnalistlər bayram tədbirlərini işıqlandırmaq üçün Bakıya dəvət edildi. Bakıda keçirilən Novruz şənlikləri haqqında Moskvada, Mərkəzi mətbuat səhifələrində bir sıra məlumatlar getdi. Hətta, tanınmış Sovet şərqşünası İosif Braqinski “Pravda” qəzetində bu bayram haqqında məqalə ilə çıxış etdi. Həmin məqalə Azərbaycan dilinə tərcümə edilərək 1967-ci il mayın 20-də “Ədəbiyyat və incəsənət” qəzetində dərc edildi. Bahar bayramı sonralar da qeyd edildi, amma 1967-ci ilin təntənəsi bir də təkrar olunmadı.
1968-ci ilin Novruz bayramı ərəfəsində tarix elmləri namizədləri Qiyasəddin Qeybullayev və Yusif Rüstəmovun imzası ilə “Ədəbiyyat və incəsənət” qəzetində “Səməni” adlı yazı çıxdı. Martın 23-də isə həmin qəzetin dörd səhifəsi Novruzla bağlı yazılara həsr edilmişdi. Mikayıl Rzaquluzadənin “Bahar, Günəş”, Səttar Bəhlulzadənin “Əlvan rənglər fəsli”, Ramiz Əliyevin “Nur axını”, Musa Yaqubun “Bahar”, Ramiz Məmmədzadənin “Həmişə sən gələsən” şeirləri, Elçinin “Qaravəlli” teatrı haqqında geniş yazısı, İsmayıl Şıxlının “Dəli Kür” romanından Novruz səhnəsi bahar bayramı ilə bağlı ülvi hissləri, el adətlərini özündə əks etdirirdi.
1969-cu ildə Bahar bayramı ilə bağlı da mətbuatda müzakirə açıldı və həmin müzakirənin gedişində fəlsəfə elmləri doktorları Firudin Köçərli və Məqsəd Səttarovun “Ədəbiyyat və incəsənət” qəzetinin “Alimlərimizin söhbəti” rubrikasında “Bahar bayramı” adlı məqalələri dərc edildi.
1980-ci illərin ikinci yarısında Novruzun üzərindən qadağa rəsmi şəkildə götürüldü. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Novruz bayramı rəsmən dövlət bayramı kimi rəsmiləşdirilmişdir.
Novruz 2009-cu il sentyabrın 30-da UNESCO-da Qeyri-Maddi- Mədəni İrs siyahısına salınmışdır. BMT Baş Assambleyasının 64-cü sessiyasının 2010-cu il fevral iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Bəhmən Əliyev
tarix üzrə fəlsəfə doktoru, dosent, etnoloq
AMEA A.A.Bakıxanov adına
Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi