Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən Daşagöl gölünün daşıb.
Far.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, gölün daşması ilə ətraf ərazilər, o cümlədən evlər su altında qalıb.
Məsələ ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan Far.Az-in sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Ona görədə ərazidə yerləşən Daşagöl gölünün ətrafında məskunlaşmış sakinlər kanalizasiya sularını bu gölə axıdır:
"Xüsusilə vurğulamaq yerinə düşər ki, Daşagöl gölünə nəinki Aşağı Güzdək qəsəbəsinin, o cümlədən qonşu rayonların kənd və yaşayış massivlərindən də kanalizasiya xəttləri axır. Son günlər yağışlı və küləkli hava şəraitinin hökm sürməsi səbəbindən adıçəkilən gölün su səviyyəsi normadan artıq qalxıb".
O da qeyd olunub ki, dünəndən etibarən ərazidə Abşeron Rayon İcra Hakimiyyətinin, Aşağı Güzdək və Hökməli bələdiyyələrinin və Su Ehtiyatları Agentliyinin yerli qurumlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, daşqının nəticələrinin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb, mövcud nasosxana təmizlənib, əlavə su nasosları quraşdırılıb. Hazırda həyətlərdən suyun çəkilməsi, gölün səviyyəsinin aşağı salınması ilə bağlı işlər görülür.