ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Conatan (Con) Elliot vəzifəsindən azad edilərək başqa bir işə təyin edilib.
Ulusal.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu addım, Pentaqonun 1947-ci ildə ABŞ ordusunda xidmət edən və sonra əsas beysbol liqasına (MLB) ilk afroamerikalı oyunçu kimi daxil olan Ceki Robinsonun hərbi keçmişi ilə bağlı onlayn məqaləni silməsindən sonra atılıb.
Qəzetin yazdığına görə, məqalənin silinməsi sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olduqda, Elliot baş verənləri izah etməyə çalışdığı bəyanatını “daha qeyri-adi aqressiv tonla” yayıb. Mətbuat katibi müxtəliflik, bərabərlik və inklüzivlik siyasətinə qarşı mübarizənin “aqressiv müdafiəsi” ilə tənqid edilib.
Nəşrin məlumatına görə, Elliotun vəzifəsindən uzaqlaşdırılması ABŞ Müdafiə Nazirliyinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnellin işə başlaması ilə də əlaqələndirilir. Parnell uzun illər Pentaqon rəhbəri Pit Hegset ilə dostluq münasibətində olub və onun etimadını qazanıb. Qəzetin yazdığına görə, Elliot Müdafiə Nazirliyində başqa vəzifəyə təyin olunacaq.
Fevralın sonunda, Pentaqon rəhbərliyi, dövlət orqanları arasında müxtəliflik, bərabərlik və inklüzivlik mövzusunu təbliğ edən xəbərlərin və digər materialların silinməsi ilə bağlı, 2025-ci ilin mart ayının 5-nə qədər bütün mümkün addımların atılmasını tələb edən sənəd göndərib. Nazirlik belə məzmunu olan materiallara kritik irqi nəzəriyyə, gender ideologiyası, cinsiyyətə, irqə və etnik mənsubiyyətə görə ayrı-seçkilik və kvotalar barədə məlumatları daxil edir.
ABŞ prezidenti Donald Tramp 20 yanvarda andiçmə mərasimindən sonra federal orqanlarda inklüzivlik və müxtəliflik proqramlarının ləğvi barədə bir sıra fərmanlar imzalayıb və ölkədə yalnız iki cinsin – kişi və qadın – tanınmasına qərar verib. ABŞ hökumətinin səmərəliliyini artırma vəzifəsi ilə çalışan işçilər, təhsil və səhiyyə sistemlərində müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını həyata keçirən müqavilələri ləğv etməyə başlayıblar. Bunun ardınca isə ABŞ korporasiyaları işə qəbul prosesində müxtəliflik və inklüzivlik prinsiplərindən imtina ediblər.Musavat.com