Frankfurt “Ayntraxt”ının 19 yaşlı fransalı sol cinah hücumçusu Jan-Matteo Baoyya Almaniya Bundesliqasında sürət rekordunu müəyyənləşdirib.
Arena.az Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlumat verir ki, Baoyya Bundesliqanın “Boxum”la 26-cı tur səfər oyununda 37,16 km/saat sürət yığıb.
Almaniya Bundesliqasında əvvəlki sürət rekordu isə 36,82 km/saat idi.
Gənc futbolçu komandasının 3:1 hesablı qələbəsinə də vurduğu qolla töhfəsini verib.
Kamerunəsilli Jan-Matteo Baoyya futbola “Trelaze” klubunda qədəm qoyub, “Adar Bren” və “Anje” də oynayıb və elə “Anje” ilə də böyük futbolda debüt edib.
“Ayntraxt” Baoyyanı 2024-cü ilin yanvar ayında 8 milyon avro məbləğ müqabilində “Anje”dən tamhüquqlu əsasda “qartallar”ın heyətinə qatıb. Fransalı futbolçunun Frankfurt təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonunə qədər qüvvədədir.
Cari mövsümdə Baoyya “Ayntraxt” üçün 24 oyuna 2 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Baoyyanın “qartallar” üçün çıxışının ümumi mənzərəsi isə 32 oyun 2 qol və 3 məhsuldar ötürmədən ibarətdir.
Baoyya Fransanın U-18, U-19 və U-20 yığmalarına cəlb edilib, əsas yığma seçimini isə hələ etməyib.
Gənc futbolçu böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı fransalı sol cinah hücumçusunun transfer dəyərini 7,50 milyon avro məbləğində qiymətləndirir.