Şəriətə əsasən fitrənin miqdarı ən çox istifadə olunan ərzaq məhsullarına uyğun müəyyən edilir. Bu, əsasən 3 kiloqram buğda, un və ya digər əsas qida məhsullarıdır. Bundan daha dəyərli ərzaqlar – düyü, xurma və kişmiş də fitrə hesablanarkən nəzərə alına bilər. Lakin fitrəni ərzaq şəklində yoxsula vermək bəzi hallarda praktiki çətinliklər yaradır. Bir yoxsula 40-50 kiloqram buğda, un və ya düyü təqdim etmək müəyyən narahatlıqlara səbəb ola bilər.
Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
O bildirib ki, hər il olduğu kimi, bu il də fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur:
"Bu il də fitrə məbləği adambaşına 10-15 manat arasında müəyyən olunmalıdır. Hər bir ailə üzvü üçün uyğun məbləğ hesablanaraq çıxarılmalıdır. Məsələn, beş nəfərlik bir ailə ən azı 50 manat fitrə pulu verməlidir. İmkanları məhdud olanlar daha aşağı məbləğdən hesablaya bilərlər – məsələn, buğda və undan hesablayaraq. Ancaq normal yaşayış səviyyəsinə malik insanlar düyü, kişmiş və xurma kimi daha dəyərli ərzaqlara əsasən fitrə çıxarmalıdırlar”.
QMİ rəsmisinin sözlərinə görə, fitrə-zəkatın verilməsi də xüsusi qaydalara malikdir:
“O, ilk növbədə yoxsullara, ehtiyacı olanlara çatdırılmalıdır. Ən yaxşısı, əvvəlcə qohum-əqrəba arasında ehtiyacı olanlara verməkdir. Əgər qohumlar arasında belə biri yoxdursa, onda qonşular və ətrafdakılar arasında axtarılmalıdır”.
Hacı Fuad qeyd edib ki, fitrə-zəkat bayram namazına qədər verilməlidir:
"Fitrə zəkatı bayram axşamı çıxarılır. Lakin onun bayram günü, bayram namazına qədər verilməsi daha doğrudur. Ramazanın fitrə-zəkat fəlsəfəsi ondan ibarətdir ki, hamımız bayram sevincini paylaşırıq və bir-birimizə diqqət göstəririk. Fitrə zəkatını çıxarmaq vacibdir. Oruc tutan və tutmayan hər bir kəs ailə üzvlərinin sayına uyğun məbləği hesablayıb fitrə zəkatını verməlidir. İmkanı olmayanlar isə dua etsin və Allahdan bağışlanmaq diləsin. Allah duaları eşidəndir”.